Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yeni proqnoz
“Azərbaycan və Türkiyə strateji müttəfiqliyinin əsasını təşkil edən təhlükəsizlik məsələlərinin zərər gördüyünü düşünmürəm”.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda baş verən bir sıra proseslərin fonunda yenilənmə mərhələsindən keçir.
Aqşin Kərimovun fikrincə, bu prosesə təsir edən əsas amillər arasında ABŞ ilə İran arasında müharibənin regional nəticələri, Azərbaycan-İsrail münasibətlərinin Türkiyə ilə əlaqələrdə yaratdığı fikir ayrılıqları və Türkiyənin xarici siyasət prioritetlərində baş verən dəyişikliklər yer alır.
Siyasi təhlilçi qeyd edib ki, 2023-cü ildə Türkiyədə keçirilən prezident seçkisindən sonra formalaşan yeni komanda xarici siyasət prioritetlərinə müəyyən düzəlişlər etməli olub. Bu dəyişikliklər regionda yaranan yeni münaqişələr və onların geosiyasi təsirləri fonunda daha aydın nəzərə çarpıb.
Aqşin Kərimov hesab edir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin təhlükəsizlik təməlləri sarsılmaz olaraq qalır. Bununla belə, tərəflərin ideoloji baxımdan üst-üstə düşməyən yanaşmaları gələcəkdə müzakirə mövzusuna çevrilə bilər.
Siyasi təhlilçinin proqnozuna görə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qarşıdakı aylarda və ya illərdə hərbi təhlükəsizlik sahəsində daha da möhkəmlənə bilər.
Aqşin Kərimov vurğulayıb ki, müttəfiqlik çərçivəsində müəyyən çağırışlar mövcuddur. Son proseslər göstərir ki, iki ölkənin ideoloji yanaşmalarının uzlaşdırılması istiqamətində müzakirələrə ehtiyac yaranır.
Onun fikrincə, bu məsələlərlə bağlı müzakirələrin gələcəkdə baş tutması ehtimalı yüksəkdir.
Vural









