media-786070070_1773354010970386_4421086561125690792_n

Azərbaycanın iqtisadi siyasətində Mərkəzi Asiyanın önə çıxması Prezident İlham Əliyevin iqtisadi modelinin növbəti mərhələsi kimi qiymətləndirilməlidir.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, məqsəd yalnız Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsini artırmaq deyil, Azərbaycanı Avropa–Cənubi Qafqaz–Mərkəzi Asiya–Çin iqtisadi zəncirinin əsas qovşaqlarından birinə çevirməkdir.

Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi tarixdə ilk dəfə bu miqyasda iqtisadi aktivə çevrilir.

“Mərkəzi Asiya ölkələrinin dünya okeanına birbaşa çıxışı yoxdur. Avropaya və Türkiyəyə alternativ çıxışlarının ən real istiqamətlərindən biri Xəzər–Azərbaycan–Gürcüstan/Türkiyə xəttidir. Azərbaycan da Çinlə quru əlaqəsini faktiki olaraq Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə qurur”, – deyə deputat qeyd edib.

O vurğulayıb ki, Mərkəzi Asiya iqtisadiyyatlarının sürətli böyüməsi bu istiqamətdə Azərbaycanın logistika imkanlarına tələbi artırır. Onun sözlərinə görə, 2025-ci ildə region iqtisadiyyatlarının 6,9 faiz böyüdüyü, 2026-cı ildə təxminən 5,6 faiz, 2027-ci ildə isə 5,3 faiz artım gözlənildiyi nəzərə alınarsa, Qazaxıstan və Özbəkistanın ixracının genişlənməsi Azərbaycanın liman, dəmir yolu, gəmiçilik və logistika xidmətlərinə tələbi də artıracaq.

Tahir Mirkişili hesab edir ki, Orta Dəhliz artıq yalnız tranzit layihəsi olmaqdan çıxaraq geniş iqtisadi əməkdaşlıq platformasına çevrilir.

Deputat bildirib ki, düzgün investisiyalar, logistika və gömrük islahatları həyata keçirilərsə, 2030-cu ilədək Orta Dəhliz üzrə yük axınlarını üç dəfə artırmaq və daşınma müddətini təxminən yarıya endirmək mümkündür.

Onun sözlərinə görə, Azərbaycan–Gürcüstan–Qazaxıstan arasında regional ticarətin 37 faiz, həmin ölkələrin Avropa İttifaqı ilə ticarətinin isə 28 faiz artması potensialı da mövcuddur.

Deputat qeyd edib ki, Azərbaycanın Orta Dəhlizdən əldə edəcəyi gəlir yalnız yüklərin ölkə ərazisindən keçməsinə görə alınan tranzit tarifləri ilə məhdudlaşmamalıdır.

“Liman, anbar, logistika mərkəzləri, sığorta, bank xidmətləri, gəmiçilik, gəmi təmiri, yük konsolidasiyası və Ələt Azad İqtisadi Zonasında istehsal daha böyük əlavə dəyər yarada bilər”, – deyə Tahir Mirkişili bildirib.

O əlavə edib ki, XX əsrdə Mərkəzi Asiyanın Azərbaycan üçün əhəmiyyəti əsasən tarixi-mədəni amillərlə bağlı idisə, XXI əsrin yeni mərhələsində region Azərbaycanın iqtisadi coğrafiyasını dəyişdirən və genişləndirən əsas amillərdən birinə çevrilir.

Tahir Mirkişilinin fikrincə, Azərbaycan tranzit ölkəsi olmaqla kifayətlənməməlidir.

Deputat hesab edir ki, Orta Dəhliz ətrafında istehsal, emal, logistika, maliyyə, rəqəmsal xidmətlər və enerji ticarəti klasterlərinin yaradılması Mərkəzi Asiya istiqamətini Azərbaycanın post-neft iqtisadi modelinin əsas sütunlarından birinə çevirə bilər.


media-adspc

Bənzər xəbərlər