media-azerbaycan-ukrayna

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Rusiya mediasında müxtəlif formalarda şərh olunur.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Rusiya mətbuatında bu səfərə münasibətdə iki fərqli yanaşma müşahidə edilir.

Onun sözlərinə görə, Rusiya mediasının bir qismi səfərlə bağlı yalnız informativ xəbərlər yayımlasa da, digər hissəsi Ukrayna-Azərbaycan əməkdaşlığını Moskva əleyhinə təqdim etməyə çalışır. Şərhçi qeyd edib ki, bəzi resurslarda “Azərbaycan Rusiyaya arxadan zərbə vurdu” kimi ifadələrin işlədilməsi reallığı əks etdirmir.

Elxan Şahinoğlu xatırladıb ki, 2024-cü ildə Azərbaycanın mülki təyyarəsinin Rusiyanın hava məkanında vurulması və nəticədə vətəndaşların həlak olması faktı əslində kimin kimə zərbə vurduğunu açıq göstərir.

O vurğulayıb ki, hadisədən sonra verilən vədlərə baxmayaraq, zərərçəkənlərə kompensasiyalar hələ də ödənilməyib.
Şərhçi həmçinin İlham Əliyevlə birgə mətbuat konfransında Zelenskinin səsləndirdiyi təklifə də diqqət çəkib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya nümayəndələrinin növbəti görüşünün Azərbaycanda keçirilməsi ideyası Moskva daxilində ziddiyyətli reaksiyalar doğurub.

“Rusiya Federasiya Şurasında bu təşəbbüsə müsbət yanaşanlar olsa da, Dövlət Dumasında əks mövqe sərgiləyənlər də var. Bu isə Kremlin daxilində vahid yanaşmanın olmadığını göstərir”, – deyə o əlavə edib.

Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycanın belə görüşlər üçün platforma təqdim etmək təcrübəsi var və bu, ölkənin balanslaşdırılmış xarici siyasətindən irəli gəlir. O qeyd edib ki, əgər Moskva bu təklifə razılaşmasa, görüş başqa ölkədə keçirilə bilər və bu, Azərbaycan üçün problem sayılmamalıdır.

Siyasi şərhçi, eyni zamanda, Rusiya dairələrində səsləndirilən Azərbaycan-Ukrayna hərbi-texniki əməkdaşlığı ilə bağlı narahatlıqlara da münasibət bildirib. Onun fikrincə, Azərbaycanın digər dövlətlərlə əməkdaşlığı heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və yalnız ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.

“Bunu anlamaq istəməyənlər varsa, bu artıq onların problemidir. Azərbaycan isə tərəfdaşları ilə əməkdaşlığını davam etdirməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Vural


media-adspc

Bənzər xəbərlər