Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə yüksəlir
QS reytinqinin son nəticələri Azərbaycan ali təhsil sistemində mühüm irəliləyişin olduğunu göstərir.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, ilk dəfə olaraq ölkənin 3 universitetinin TOP-800-də, 7 universitetinin isə TOP-1000-də yer alması diqqətəlayiq nailiyyətdir.
Onun sözlərinə görə, əldə olunan nəticələr universitetlərin fəaliyyəti, akademik heyətin əməyi, tələbələrin uğurları və dövlət dəstəyinin birgə məhsuludur.
“Bu göstəricilər Azərbaycan ali təhsilinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artdığını nümayiş etdirir. Bununla yanaşı, hələ də həllini gözləyən ciddi problemlər mövcuddur”, – deyə Osman Gündüz vurğulayıb.
O qeyd edib ki, universitetlərin ölkənin innovasiya və texnoloji inkişafına real təsiri hələlik arzu olunan səviyyədə deyil. O bildirib ki, dünyanın aparıcı ali təhsil müəssisələri ilə müqayisədə elmi tədqiqatların keyfiyyəti, beynəlxalq elmi nəşrlərin sayı, xarici professor və tələbələrin cəlb edilməsi, eləcə də universitet–sənaye əməkdaşlığı istiqamətlərində görüləcək işlər kifayət qədər çoxdur.
Osman Gündüz hesab edir ki, qarşıdakı dövrdə məhz bu istiqamətlər üzrə sistemli islahatlar və investisiyalar Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə yüksəlməsinə imkan verəcək.
Vüsalə










