Azərbaycan universitetlərinin beynəlxalq reytinqdə nəticələri açıqlandı
“Times Higher Education” (THE) tərəfindən 2027-ci il üzrə “Dünya universitetləri reytinqi”nin (THE World University Rankings) nəticələri açıqlanıb.
Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında reytinqin nəticələrini şərh edərək Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq sıralamadakı mövqeyinə diqqət çəkib.
Ekspert bildirib ki, bu il reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 4-dən 5-ə yüksəlib.
Etibar Əliyevin sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq 801–1000 intervalından 701–800 intervalına yüksəlib və Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib.
“Gerçəkdə inkişaf edən və inkişaf etməkdə olan universitetlərimizi təbrik edirəm”, – deyə təhsil eksperti qeyd edib.
O bildirib ki, Bakı Dövlət Universiteti 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1801–2000, Azərbaycan Texniki Universiteti isə 2001+ intervalında yer alıb.
Etibar Əliyev reytinqin builki nəticələrində Azərbaycan Tibb Universitetinin (ATU) ilk dəfə sıralamaya daxil olmasını da mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, ATU reytinqə 2001+ intervalından daxil olub.
Ekspertin diqqət çəkdiyi digər məqam UNEC-in regional mövqeyi ilə bağlıdır. O qeyd edib ki, UNEC THE 2027 reytinqində Azərbaycan və Cənubi Qafqaz üzrə birinci, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında isə 10-cu ən yaxşı universitetdir.
Vüsalə









