media-17846222205861022357_1200x630

Azərbaycan və Almaniya arasında yaradılacaq Biznes Şurası iqtisadi əməkdaşlığın genişlənməsi və qarşılıqlı investisiyaların artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin mətbuata bəyanatlarında diqqət çəkən əsas istiqamətlərdən biri məhz Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması olub.

Deputatın sözlərinə görə, yeni şuranın yaradılması hər iki ölkənin şirkətlərinə verilən mühüm mesaj olmaqla yanaşı, Azərbaycan və Almaniya arasında iqtisadi və biznes əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində siyasi iradənin təsdiqidir.

Vüqar Bayramov qeyd edib ki, Biznes Şurası qarşılıqlı sərmayə qoyuluşlarının həcminin artmasına mühüm töhfə verəcək. O bildirib ki, indiyədək Almaniya şirkətləri tərəfindən Azərbaycana 938 milyon ABŞ dolları həcmində investisiya yatırılıb və bu sərmayələrin 94 faizi qeyri-neft-qaz sektoruna yönəlib. Azərbaycanın Almaniyadakı investisiyalarının həcmi isə 668 milyon dollar təşkil edir.

Deputat vurğulayıb ki, yeni razılaşma hazırda Azərbaycanda fəaliyyət göstərən 250-yə yaxın Almaniya şirkətinin fəaliyyət imkanlarını genişləndirməklə yanaşı, digər potensial investorlar üçün də yeni perspektivlər açacaq.

Onun sözlərinə görə, xarici investisiyaların artması yalnız kapital axını deyil, həm də yeni texnologiyaların transferi və yeni iş yerlərinin yaradılması deməkdir. Vüqar Bayramov hesab edir ki, bu baxımdan Biznes Şurasının fəaliyyəti məşğulluğun artırılmasına da mühüm töhfə verə bilər. O əlavə edib ki, yeni dövrün hədəflərində və Məşğulluq Strategiyasında əmək bazarında innovativ yanaşmaların tətbiqi prioritet istiqamətlərdən biridir.

Deputat bildirib ki, Azərbaycan və Almaniya arasında nəqliyyat dəhlizlərinin genişləndirilməsi və beynəlxalq yükdaşımaları sahəsində əməkdaşlığın gücləndirilməsi də gözlənilir. Onun fikrincə, bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərinin artmasına, eyni zamanda ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Vüqar Bayramov sonda qeyd edib ki, Berlində “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.


media-adspc

Bənzər xəbərlər