media-w_1617912899753414038786_1200x630

Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

ERAmedia xəbər verir ki, iclasda Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, siyasi dialoq, iqtisadiyyat və ticarət, enerji, nəqliyyat və rəqəmsal infrastruktur, kənd təsərrüfatı, humanitar və səhiyyə sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Böyük Britaniyanın üç onillikdən artıq müddətdə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğu vurğulanıb. Qeyd edilib ki, 39 milyard dollardan çox investisiya ilə Birləşmiş Krallıq Azərbaycanda ən böyük xarici investordur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 67 faiz artıb. Bu ilin ilk yarısında isə ticarət dövriyyəsi 5,5 dəfə artaraq 3,6 milyard dollara çatıb, Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə yüksəlib.

bp ilə uzunmüddətli əməkdaşlığın AÇG-də səmt qazı hasilatına başlanması, “Şahdəniz” Kompressiya, “Şəfəq-Asiman”, “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” layihələri, həmçinin Özbəkistanda birgə fəaliyyətlə davam etdiyi qeyd olunub. Gələn il istismara verilməsi nəzərdə tutulan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası və onun enerjisi hesabına Səngəçal terminalının dekarbonizasiyasının enerji keçidinin nümunəvi modeli olduğu vurğulanıb. Azərbaycanın Xəzər regionu və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə 2029-cu ildə Yekun İnvestisiya Qərarının qəbulunun hədəfləndiyi bildirilib. Böyük Britaniyanın bu və digər yaşıl enerji bağlantısı layihələrində fəal iştirakı təşviq edilib. Britaniyanın “Xlinks” şirkətinin bu istiqamətdə əməkdaşlığa qoşulması birgə fəaliyyət üçün yeni imkan kimi qiymətləndirilib.

2025-ci ildə Azərbaycan və Böyük Britaniya arasında tranzit yükdaşımaların 14 faiz artması nəqliyyat sahəsində əməkdaşlığın müsbət dinamikasının göstəricisi kimi qiymətləndirilib. Orta Dəhliz boyunca infrastruktur və logistika layihələrində Britaniya şirkətlərinin, eləcə də Böyük Britaniyanın İxrac Kredit Agentliyinin – UKEF-in daha fəal iştirakı təşviq edilib. Həmçinin süni intellekt, kibertəhlükəsizlik, data mərkəzləri və insan kapitalının inkişafı üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, bu sahələr üzrə Yol Xəritəsinin hazırlanması, həmçinin Böyük Britaniyanın aparıcı universitetləri ilə birgə təhsil proqramlarının yaradılması imkanları müzakirə edilib. İclasda Böyük Britaniyanın Azərbaycanın minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstək, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafı da müsbət qiymətləndirilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıqla dostluq əlaqələrinin möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir: “Əldə etdiyimiz nəticələr münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün möhkəm zəmin yaradıb. Bunun üçün həm siyasi iradə, həm də geniş əməkdaşlıq potensialı var. Bugünkü iclas çərçivəsində imzalanan sənədlər, eləcə də əhatəli Fəaliyyət Planının qəbulu siyasi dialoqumuzun konkret nəticələrə çevrildiyini göstərir. Əsas vəzifəmiz razılaşmaları əməli nəticələrə, mövcud potensialı isə yeni layihələrə çevirməkdir”.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvar bildirib: “Böyük Britaniya və Azərbaycan uzun illər ərzində bir sıra mühüm sahələrdə investisiya və əməkdaşlığa əsaslanan möhkəm tərəfdaşlıq qurub. Bugünkü dialoq təmiz enerjidən süni intellektə qədər müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməklə strateji tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq istiqamətində ortaq iradəmizi nümayiş etdirir. Bu, biznes üçün yeni imkanların açılmasına və hər iki ölkədə iqtisadi artımın sürətləndirilməsinə şərait yaradacaq”.

İclasın yekununda Protokol, eləcə də yaşıl enerji və nəqliyyat bağlantıları, şəhər mobilliyi sahələrində əməkdaşlığı əhatə edən 4 sənəd imzalanıb. Sənədlər sırasında “Xlinks” və “Yaşıl Dəhliz Alyansı” arasında Anlaşma Memorandumu, UKEF və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Yol Xəritəsi, eləcə də Britaniyanın müvafiq qurum və şirkətləri ilə nəqliyyat, təhsil və digər istiqamətlər üzrə əməkdaşlıq sənədləri yer alıb. Həmçinin 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.


media-adspc

Bənzər xəbərlər