media-w_1617881674335941664991_1200x630

Avqustun 31-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

ERAmedia xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında görüş olub. Görüşdə iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dövlət başçılarının siyasi iradəsinə və möhkəm etimada əsaslanan münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış yüksək səviyyəli etimad və siyasi iradə iki ölkə arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün mühüm əsas təşkil edir.

Baş prokuror Kamran Əliyev iki ölkənin prokurorluq orqanları arasında etimada, hörmətə və faydalı təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Həmçinin Azərbaycan və Çin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsinin, transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, təcrübə və informasiya mübadiləsi, habelə prokurorluq fəaliyyəti üzrə qabaqcıl təcrübələrin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilib.

Qeyd olunub ki, Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti 2024-cü ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi Konfransı və İllik İclasında iştirak edib. Həmçinin 2025-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti Çin Xalq Respublikasında təşkil olunmuş uzunmüddətli təlim proqramına qatılıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Yinq Yonq Azərbaycan ilə Çin arasında mövcud münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd edərək, iki ölkənin strateji tərəfdaş dövlətlər olduğunu vurğulayıb, müxtəlif sahələri əhatə edən faydalı əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Çin Xalq Respublikasının Baş prokuroru Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilənin hüquq-mühafizə orqanları arasında hüquqi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması və cinayət işləri üzrə hüquqi yardım mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Sonda “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandum təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, prokurorluq əməkdaşlarının peşəkar inkişafının və ixtisasının artırılması, müasir informasiya texnologiyalarının prokurorluq fəaliyyətində tətbiqi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və bu sahədə əldə olunmuş nailiyyətlərin bölüşülməsi, habelə əməkdaşlığın digər aktual istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı məsələləri əhatə edir.

Bundan başqa, Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına və ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələr nəzərə alınaraq Yinq Yonqa “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Daha sonra Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini ziyarət edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

media-w_161788166591410321060_1200x630 media-w_1617881665916055829336_1200x630 media-w_1617881674332328033027_1200x630 media-w_1617881674334780639204_1200x630 media-w_1617881674335941664991_1200x630


media-adspc

Bənzər xəbərlər