Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlığı gücləndirir
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi qiymətləndirilir.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, son illər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin dinamik inkişafı iqtisadi göstəricilərdə də öz əksini tapır.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 94 faiz artaraq 40 milyon dollardan 77,2 milyon dollara yüksəlib. O qeyd edib ki, son beş ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 13 dəfədən çox artıb ki, bu da region üçün xüsusi artım rekordu olmaqla yanaşı, münasibətlərin dərinləşməsinin bariz göstəricisidir.
Vüqar Bayramov vurğulayıb ki, tərəflər arasında iqtisadi əməkdaşlıq potensialı mövcud göstəricilərdən daha böyükdür. Onun fikrincə, qarşılıqlı yüksək səviyyəli dövlət səfərləri və siyasi dialoq bu potensialdan daha səmərəli istifadə edilməsinə, yeni investisiya və ticarət imkanlarının formalaşmasına şərait yaradacaq.
Deputat bildirib ki, Azərbaycan və Qırğızıstan yalnız ticarət əlaqələrini deyil, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı da gücləndiriblər. Xüsusilə son illər qarşılıqlı sərmayə qoyuluşları istiqamətində ciddi irəliləyişlərin əldə olunduğunu deyən Vüqar Bayramov bunun dövlətlər arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Millət vəkilinin sözlərinə görə, bütövlükdə son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. O bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qırğızıstan yalnız regionun deyil, bütövlükdə Türk dünyasının inkişafına və inteqrasiyasına mühüm töhfə verirlər.
Vüqar Bayramov hesab edir ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət etməklə yanaşı, Türk dövlətləri arasında daha sıx inteqrasiya və əməkdaşlıq üçün də yeni imkanlar yaradacaq.









