Azərbaycan və Türkiyə hərb tarixində iz qoyan zabit - FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, Türkiyənin İstiqlaliyyət Müharibəsinin iştirakçısı, polkovnik Baba bəy Behbudun anım günüdür.
ERAmedia xəbər verir ki, 1897-ci ildə Şuşada anadan olan Baba bəy Behbud Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət edib və ölkənin müstəqilliyinin müdafiəsi uğrunda aparılan döyüşlərdə fəal iştirak göstərib.
O, Əsgəran döyüşünün iştirakçılarından biri olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və 1920-ci ilin aprelində bolşevik işğalından sonra Qarabağda baş qaldıran anti-bolşevik üsyanına qoşularaq milli müqavimət hərəkatında yer alıb.
Sonralar Türkiyəyə mühacirət edən Baba bəy Behbud burada da hərbi fəaliyyətini davam etdirib. O, Türkiyənin İstiqlaliyyət Müharibəsində iştirak edib və uzun illər Türkiyə Silahlı Qüvvələrində xidmət göstərərək polkovnik rütbəsinə yüksəlib. Ümumilikdə 35 il Türkiyə ordusunda xidmət edən Baba bəy Behbud Azərbaycan və Türkiyənin ortaq hərb tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri kimi xatırlanır.
Polkovnik Baba bəy Behbud 1970-ci ildə vəfat edib.









