“Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabı işıq üzü görüb
bp “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı yeni bir kitabı ictimaiyyətə təqdim edib. bp-nin maliyyəsi ilə nəşr olunmuş kitabın əsas məqsədi geniş oxucu ictimaiyyətinin Azərbaycanın ilk demokratik dövlətinin tarixinə marağını və həmin dövr barədə məlumatlılığını artırmaqdır.
ERAmedia – nın məlumatına görə, Şirkətdən bildirilib ki, yeni nəşrdə Şərqdə ilk demokratik parlament respublikası olan və sovet Rusiyası tərəfindən devrilənə qədər cəmi 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikası (ADR) haqqında diqqətlə seçilib və geniş ictimaiyyətə az məlum olan 100 fakt toplanıb.
Kitab oxuculara ADR haqqında qısa, maraqlı və etibarlı mənbələrə əsaslanmış tarixi məlumatlar təqdim edir. Hər bir fakt ADR-in parlament iclaslarının stenoqramları və hökumət qərarları da daxil olmaqla, sənədlərin əslinə əsaslanır ki, bu da məlumatların dəqiqliyini və həqiqiliyini təmin edir.
Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şura niyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın dövlət himni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın dövlət gerbini kim yaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimi mühüm suallar, eləcə də bir çox digər mövzulara aid çox maraqlı məlumatlar var.
Kitaba, həmçinin 25 orijinal illüstrasiya da daxil edilib, bu da nəşri vizual baxımdan cəlbedici edir və məktəblilər, tələbələr, eləcə də Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün əlçatan edir.
Kitabın təqdimatı münasibətilə bp-nin təşkil etdiyi tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə işıq salan bu mühüm layihəni dəstəkləməkdən həqiqətən qürur duyuruq. Təqdim etdiyimiz yeni kitab faktları qısa və maraqlı bir formada təqdim etməklə tarix haqqında bilgiləri cəmiyyətin hər bir üzvü üçün əlçatan edir və Azərbaycan Xalq Cümhuriyyətinin irsinin uzun illər ərzində qorunub yaşamasına töhfə verir”.
192 səhifəlik bu nəşr xüsusilə uzun mətnlərə diqqətin azaldığı indiki dövrdə müasir oxucuların marağını cəlb edəcək şəkildə hazırlanıb. Kitab ADR-in mövcud olduğu qısa dövr ərzində qəbul etdiyi mühüm qərarlar və həyata keçirdiyi əsas fəaliyyətləri əhatə etməklə oxuculara qısa bir tarixi səyahət təqdim edir.
Kitabın müəllifi tarix mövzusunda podkastların müəllifi kimi tanınan və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Fərdi jurnalist müsabiqəsi”nin dördqat qalibi olan Ayaz İlyasovdur.
Layihənin ümumi dəyəri 25 min 995 manat (15291 dollar) təşkil edib.
Layihə “Altun Kitab” MMC tərəfindən icra olunub.









