Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.
ERAmedia-ya Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.
Azərbaycan Respublikası ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.
Sərhəd pozucularının üzərindən aşkar edilmiş “Garmin” markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran ərazisindən 1074 kilometr məsafə qət edib Türkmənistanın ərazi sularından keçməklə Azərbaycana daxil olması müəyyən edilib.
Saxlanılmış “Layner” tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kiloqram 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində “Niva” markalı nəqliyyat vasitəsində 4 (dörd) nəfər Azərbaycan Respublikası vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.
Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.