Azərbaycana xarici sərmayə axını artır: 16,7 milyard manat investisiya cəlb edilib
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Qurultayında çıxışı zamanı Azərbaycanda keçirilən iki Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olduğunu bildirib.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, dövlət başçısının müəyyənləşdirdiyi yeni dövrün əsas hədəflərindən biri qeyri-neft-qaz sektoruna xarici investisiyaların cəlb edilməsidir. Onun sözlərinə görə, xarici sərmayələrin artırılması yalnız maliyyə resurslarının ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından deyil, eyni zamanda yeni texnologiyaların və innovasiyaların transferi baxımından da əhəmiyyətlidir.
Deputat qeyd edib ki, yeni iqtisadi hədəflərə uyğun olaraq Azərbaycana cəlb olunan xarici sərmayələrin həcmində artım müşahidə edilir. Belə ki, ötən il Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyanın həcmi 17 faiz artaraq 16,7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 14,3 milyard manat təşkil edib.
Vüqar Bayramovun sözlərinə görə, xarici valyuta ifadəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatına 9,8 milyard dollarlıq xarici sərmayə cəlb olunub.
Deputat bildirib ki, Azərbaycan ən çox xarici sərmayəni Böyük Britaniyadan cəlb edir. Bu, əsasən BP şirkətinin Azərbaycanın enerji sektorundakı aparıcı mövqeyi ilə əlaqədardır. Bununla yanaşı, Türkiyə, ABŞ, İsveçrə və Körfəz ölkələrindən Azərbaycana yönəldilən investisiyaların həcmində də artım müşahidə olunur.
Vüqar Bayramov diqqətə çatdırıb ki, 2025-ci ildə xarici sərmayələr də daxil olmaqla, bütün mənbələr hesabına Azərbaycan iqtisadiyyatına 34,2 milyard manat investisiya yönəldilib. Bu, əvvəlki illə müqayisədə 3,3 faizlik artım deməkdir. Onun sözlərinə görə, investisiya qoyuluşlarındakı artım əsasən xarici sərmayələrin hesabına mümkün olub.
Deputat hesab edir ki, sonuncu Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10 milyard dollar olan müqavilələrin imzalanması yaxın illərdə Azərbaycana daha böyük həcmdə sərmayələrin cəlb edilməsinə imkan verəcək.
“Bu layihələr Azərbaycanın investisiya imkanlarının genişləndirilməsi ilə yanaşı, innovativ ekosistemin daha da gücləndirilməsi baxımından da əhəmiyyətlidir”, – deyə Vüqar Bayramov bildirib.
Vüsalə










