Azərbaycanda AI siyasətində yeni mərhələ: Prioritet sahələr AÇIQLANDI
Nazirlər Kabineti Azərbaycanda süni intellektin inkişafı üzrə 11 milli prioritet sektoru və həmin istiqamətlər üzrə məsul dövlət qurumlarını müəyyən edib.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu qərarın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrasından irəli gələn mühüm addım olduğunu bildirib.
Onun sözlərinə görə, prioritetlər sırasında məhkəmə, energetika, telekommunikasiya, nəqliyyat və logistika, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, səhiyyə, gömrük, dövlət təhlükəsizliyi, informasiya təhlükəsizliyi və maliyyə bazarları yer alır. Hər istiqamət üzrə konkret məsul dövlət qurumu da müəyyənləşdirilib.
Ekspert qeyd edib ki, hökumət bununla süni intellektin inkişafında hansı sahələri prioritet hesab etdiyini, dövlət investisiyalarının və məqsədli maliyyə resurslarının əsasən hansı istiqamətlərə yönələcəyini, eləcə də məsuliyyətin hansı qurumların üzərində olacağını konkretləşdirib.
Osman Gündüz vurğulayıb ki, bu seçim maliyyələşmə baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, dövlətin AI üzrə məqsədli maliyyə resurslarının və investisiyalarının əsas prioriteti məhz bu sektorlar olacaq.
Azərbaycan İnternet Forumunun rəhbəri əlavə edib ki, bu qərar digər dövlət qurumlarının süni intellekt texnologiyalarından istifadə edə bilməyəcəyi anlamına gəlmir. Sadəcə olaraq, milli AI siyasəti çərçivəsində prioritet status məhz müəyyən edilən sahələrə verilib.
O, diqqətə çatdırıb ki, elm və elmi tədqiqatlar, sosial müdafiə və məşğulluq, mədəniyyət, turizm və müdafiə kimi süni intellektin geniş tətbiq imkanlarına malik sahələr ayrıca milli prioritetlər siyahısına daxil edilməyib.
Osman Gündüzün sözlərinə görə, digər mühüm məsələ koordinasiya mexanizminin effektiv qurulmasıdır. O xatırladıb ki, ölkədə Süni İntellekt Strategiyası ilə yanaşı, 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf Fəaliyyət Planı da mövcuddur və Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma və AI sahəsində ümumi koordinasiya mexanizmi kimi fəaliyyət göstərir.
Ekspert hesab edir ki, növbəti mərhələdə bu 11 prioritet istiqamət üzrə süni intellekt layihələrinin Rəqəmsal İnkişaf Şurası səviyyəsində vahid arxitektura və koordinasiya çərçivəsində həyata keçirilməsinə başlanılması gözlənilir.









