Azərbaycanda kümçülərə ipəkqurdu paylanır
Mayın 7-də Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə ipəkqurdunun paylanması prosesinə start verilib. Stansiyada iki gün ərzində 36 rayonun kümçülərinə ipəkqurdunun paylanması nəzərdə tutulur.
ERAmedia xəbər verir ki, ipəkqurdu toxumunun inkubasiyası Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma müəssisələrində də həyata keçirilib. Zərdabda 800, Zaqatalada isə 450 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulub. Naxçıvana 50 qutu ipəkqurdu toxumu göndərilib.
Stansiyada ipəkqurdunun paylanması prosesi rayonların icra hakimiyyətləri və Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM), həmçinin “Azəripək” ASC-nin nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Ümumiyyətlə, stansiyada ilkin olaraq 7 rayonun – Lənkəran, Astara, Bərdə, Füzuli, Sabirabad, Samux və Zəngilan rayonlarının kümçülərinə 1070 qutu ipəkqurdu paylanıb.










