Azərbaycanda məşhur hotelin fəaliyyəti dayandırıldı
Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyəti dayandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən ERAmedia-ya verilən məlumata görə, hoteldə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Belə ki:
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır;
– obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib;
– yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb:
– obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb;
– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb;
– obyektin tüstü bacası təmizlənməyib;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.









