media-akcd50gb2y4guzepspvuupyhrpgp6l2qomuadotc_1200

Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində PISA 2025-in nəticələri ilə bağlı geniş təqdimat edib.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz təqdimat zamanı açıqlanan nəticələri və onların yaratdığı sualları şərh edib.

Osman Gündüz qeyd edib ki, PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə biliklərini sadəcə yadda saxlamaq deyil, onları real həyatda tətbiq etmək bacarığını ölçən qlobal qiymətləndirmədir. Onun sözlərinə görə, bu, daha çox bacarıq əsaslı ölçmə sistemi olmaqla, kifayət qədər güvənli və obyektiv qiymətləndirmə hesab olunur.

O bildirib ki, PISA üzrə sonuncu qiymətləndirmə 2022-ci ildə keçirilib və builki nəticələr onun üçün də müəyyən qədər gözlənilməz olub.

“Əslində bu nəticələr məhz klassik məktəbin, yəni repetitorların müdaxiləsi olmayan, 9-cu sinfədək olan nəticələri əks etdirir”, – deyə Osman Gündüz vurğulayıb.

Onun sözlərinə görə, builki nəticələrdə xüsusilə Bakı üzrə əvvəlki PISA qiymətləndirməsi ilə müqayisədə ciddi irəliləyiş müşahidə olunur.

Belə ki, Bakı üzrə riyaziyyatda nəticə 397 baldan 460 bala yüksəlib. Bu, 63 ballıq artım deməkdir. Təbiət elmlərində nəticə 380 baldan 440 bala – 60 bal, oxu savadlılığında isə 365 baldan 405 bala yüksəlib ki, bu da 40 ballıq artımdır.

Osman Gündüz qeyd edib ki, PISA qiymətləndirməsində adətən bir neçə ballıq irəliləyiş belə uğur hesab olunur.

O, bununla yanaşı, söhbətin yalnız Bakı şəhərinin nəticələrindən getdiyini diqqətə çatdırıb. Azərbaycan üzrə nəticələr riyaziyyatda 422, təbiət elmlərində 409, oxu savadlılığında isə 374 bal təşkil edib.

Osman Gündüzün sözlərinə görə, nazir nəticələrin əldə olunmasında son illərdə təhsil sahəsində aparılan islahatların, xüsusilə müəllimlərin fəaliyyətinin, eləcə də Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə istiqamətində gördüyü işlərin mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan İnternet Forumunun rəhbəri PISA nəticələrindəki riyaziyyat göstəricilərinə xüsusi diqqət çəkib. O, 2000-ci ildə Dövlət İmtahan Mərkəzinin statistikasına əsasən, 9-cu sinif şagirdlərinin təxminən 50 faizinin birinci mərhələ riyaziyyat imtahanında imtahan vərəqələrini heç nə yazmadan geri qaytardığını xatırladıb.

“İndi PISA-da riyaziyyat üzrə belə ciddi yüksəliş həm sevindirir, həm də araşdırma və təhlillər üçün maraqlı suallar yaradır”, – deyə Osman Gündüz bildirib.

Onun fikrincə, əsas suallardan biri PISA-da müşahidə olunan irəliləyişin DİM-in buraxılış imtahanlarının nəticələri ilə nə dərəcədə uzlaşmasıdır.

“Düşünürəm ki, bu iki məlumat bazasının müqayisəli təhlili çox faydalı olardı”, – deyə o qeyd edib.

Osman Gündüz hesab edir ki, nəticələrin müsbət dinamikasına baxmayaraq, təhsil sistemində bir sıra problemlər hələ də qalmaqdadır. Onun sözlərinə görə, müəllimlərin peşəkarlığının artırılması, tədris prosesinin daha effektiv qurulması, müasir təlim metodlarının tətbiqi və xüsusilə regionlarda tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində görüləsi işlər kifayət qədərdir.

Azərbaycan İnternet Forumunun rəhbəri Bakı ilə regionlar arasındakı nəticə fərqinin də diqqətçəkən olduğunu bildirib. O, nazirə bu məsələ ilə bağlı sual ünvanladığını qeyd edib: “Nə üçün riyaziyyatda Bakı ilə regionlar arasında 30–40 ballıq ciddi fərq var?”

Osman Gündüzün sözlərinə görə, Emin Əmrullayev bunu digər amillərlə yanaşı, regionlarda ibtidai təhsilin keyfiyyəti ilə bağlı problemlərlə əlaqələndirib.

O, ümumilikdə son üç PISA qiymətləndirməsinin dinamikasının, xüsusilə son nəticələrin uğurdan xəbər verdiyini vurğulayıb.

“Mən riyaziyyat və təbiət elmlərindəki irəliləyişə xüsusilə ümidlə baxıram. Vaxtilə güclü riyaziyyat məktəbi olan Azərbaycanda bu ənənənin yenidən güclənməsi sevindiricidir”, – deyə Osman Gündüz bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər