media-naxcivan-seheri_07-01-2024_21-42
Naxçıvan Muxtar Respublikasında əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur islahatları həyata keçiriləcək.
ERAmedia xəbər verir ki, Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək yeni Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi yaradılacaq.
Yeni Agentlik muxtar respublikada icbari tibbi sığortanın tətbiqi, icbari tibbi sığorta fondunun idarə olunması, xidmətlər zərfi üzrə tibbi xidmətlərin maliyyələşdirilməsi, tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyalarını, eləcə də əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsini həyata keçirəcək.
Qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin olunmasına dair səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə verilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya xidmətləri və tabeliyindəki reabilitasiya müəssisələri isə Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçiriləcək.
Yeni Agentliyin fəaliyyətinə 3 nəfərdən ibarət – sədr və iki müavindən ibarət İdarə Heyəti rəhbərlik edəcək. Qurumun maliyyələşməsi Naxçıvan Muxtar Respublikası büdcəsi, icbari tibbi sığorta fondu və digər qanuni mənbələr hesabına təmin olunacaq.
Qərarla, aidiyyəti dövlət qurumlarına Agentliyin dövlət qeydiyyatı, normativ hüquqi bazanın təkmilləşdirilməsi, əmlakın təhvil-təslimi və digər təşkilati məsələlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsi tapşırılıb.
Qərar imzalandığı gündən qüvvəyə minib.

media-adspc

Bənzər xəbərlər