media-1789368428307634886

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılan SABAH.city innovasiya şəhərciyinin açılışında iştirak edib.

ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, bu ərazidə aparılan genişmiqyaslı tikinti işlərini vaxtaşırı müşahidə edib və nəhəng texnoloji şəhərciyin cəmi bir il ərzində belə səviyyəyə çatdırılmasını böyük iş hesab edir.

Onun sözlərinə görə, SABAH.city layihəsinə yalnız yeni kampus, laboratoriyalar və ofislər toplusu kimi yanaşmaq düzgün deyil:

“SABAH.city Azərbaycanın innovasiya ekosistemində çatışmayan vacib həlqələrdən birinə çevrilə bilər”.

Osman Gündüz qeyd edib ki, burada əsas məsələ universitetlərin, tələbələrin, tədqiqatçıların, startapların, investorların və texnologiya şirkətlərinin eyni məkanda yerləşməsi deyil, onların birgə fəaliyyət göstərməsi və əməkdaşlıq etməsidir.

O bildirib ki, ilk mərhələdə BDU, AzTU və ADNSU-nun 1500-dən çox tələbəsinin prosesə cəlb edilməsi, 13 tədris və tədqiqat laboratoriyasının, startap və şirkətlər üçün iş mühitinin yaradılması, həmçinin süni intellekt mərkəzi olan ASAN AI Hub-ın burada yerləşməsi yaxşı başlanğıcdır.

Azərbaycan İnternet Forumunun rəhbəri dünyada və regionda bu modelin uğurlu nümunələrinin olduğunu vurğulayıb. Onun fikrincə, Qazaxıstandakı Astana Hub və Özbəkistandakı IT Park texnologiya ixracının artırılması, İT biznesinin qlobal bazarlara çıxarılması və xarici texnologiya şirkətlərinin cəlb olunması baxımından nümunə sayıla bilər.

Osman Gündüzün sözlərinə görə, SABAH.city-nin gələcək uğuru burada neçə binanın və laboratoriyanın yaradılması ilə deyil, konkret nəticələrlə ölçülməlidir:

“Neçə elmi nəticə kommersiyalaşdırıldı, neçə patent və startap yarandı, nə qədər investisiya cəlb edildi, neçə qlobal şirkət burada R&D mərkəzi açdı və nə qədər texnologiya ixrac edildi?”

O, son dövrlərdə innovasiya, startap və vençur ekosistemi istiqamətində qəbul edilən qanunvericilik aktlarının da mərkəzin inkişafı üçün əlavə imkanlar yaradacağına ümid etdiyini bildirib.

Osman Gündüz hesab edir ki, SABAH.city uzun müddətdir ciddi problem olaraq qalan universitet–biznes əməkdaşlığının inkişafında da mühüm rol oynaya bilər.

“Universitetdə yaranan bilik və tədqiqatın biznesə, məhsula və nəticədə iqtisadi dəyərə çevrilməsi əsas hədəflərdən biri olmalıdır”, – deyə o vurğulayıb.

Azərbaycan İnternet Forumunun rəhbəri sonda SABAH.city-nin Azərbaycanda yeni texnoloji şirkətlərin və innovativ məhsulların formalaşdığı əsas mərkəzlərdən birinə çevriləcəyinə inandığını bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər