media-italiya_bayragi_001_1636370951

Bu gün İkinci Dünya Müharibəsi illərində İtaliyada faşizmə qarşı partizan hərəkatında iştirak etmiş azərbaycanlı Məmməd Bağırovun doğum günüdür.

ERAmedia xəbər verir ki, 1922-ci ildə anadan olan Bağırov müharibə illərində İtaliyanın azadlığı uğrunda mübarizə apararaq tarixə düşüb.

Məmməd Bağırov İkinci Dünya Müharibəsi zamanı İtaliyada partizan dəstəsinə qoşulub. O, “Umberto Fantaççi” adına beynəlmiləl partizan dəstəsinin tərkibində faşist qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.

1944-cü ilin sentyabrında partizanların İtaliyanın Pistoya şəhərinin azad edilməsi uğrunda apardığı əməliyyatlarda Bağırov da yer alıb. Döyüşlərdə göstərdiyi fəaliyyət onun sonrakı illərdə İtaliyada xüsusi ehtiramla yad edilməsinə səbəb olub.

Müharibədən sonra Azərbaycana qayıdan Məmməd Bağırov doğma Basqal kəndində hərbi-vətənpərvərlik istiqamətində fəaliyyət göstərib və burada muzey yaradıb. Onun təşəbbüsü ilə təşkil olunan muzeydə müharibə və partizan hərəkatı ilə bağlı materiallar toplanıb.

1978-ci ildə yenidən İtaliyaya gedən Bağırov burada bir sıra yüksək təltiflərə layiq görülüb. O, Cüzeppe Qaribaldi adına medalla təltif edilib, İtaliya Partizanları Assosiasiyasının fəxri üzvü seçilib və Pistoya şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

Məmməd Bağırovun İtaliya ilə bağlı tarixi xidmətləri bununla da məhdudlaşmayıb. İtaliya hökuməti tərəfindən müxtəlif yüksək mükafatlarla təltif edilən azərbaycanlı partizan ölkə uğrunda döyüşmüş minlərlə partizan arasında xüsusi status qazanan şəxslərdən biri olub.

Mənbələrdə onun İtaliya uğrunda döyüşən 6 500 partizan arasında bu ölkənin pensiyasına layiq görülən yeganə şəxs olduğu da qeyd edilir.

Məmməd Bağırov 1997-ci ildə vəfat edib. Onun həyat yolu Azərbaycanla İtaliya arasında tarixi əlaqələrin yadda qalan səhifələrindən biri kimi xatırlanır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər