media-azerbaycan-bayragi

Qumda bir qrup azərbaycanlı ruhani və tələbənin “Azərbaycanda hicab qadağası” iddiası ilə konfrans keçirməsi, eləcə də İstanbulda Azərbaycanın konsulluğu qarşısında eyni məsələ ilə bağlı aksiya təşkil olunması diqqət çəkir.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, İranın hicab məsələsini Bakıya qarşı siyasi alətə çevirməsi və bu mövzu üzərindən Azərbaycan ictimai rəyinə təsir göstərmək cəhdləri yeni deyil.

Onun sözlərinə görə, indiyədək bu məsələdə İranın ruhaniləri daha sərt mövqe nümayiş etdirir, hətta Bakıya qarşı ultimatum xarakterli açıqlamalar verirdilər. İndi isə Qumda toplaşan və İran rejiminə yaxınlığı ilə tanınan “azərbaycanlı ruhanilər”in önə çıxarılması Tehranın Azərbaycanla əlavə gərginlik yaratmaq istəməməsi ilə əlaqəli ola bilər.

“Lakin əsas məsələ Azərbaycana qarşı bu iddiaların Qumdan İstanbula qədər uzanmasıdır. ÖZGÜR-DER təşkilatının Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında “hicab aksiyası” keçirməsi, eyni məsələnin İranın dini ideologiyanın ixrac mərkəzi kimi tanınan Qum şəhərində müzakirəyə çıxarılması müəyyən suallar yaradır”, – deyə təhlilçi bildirib.

Asif Nərimanlı hesab edir ki, burada əsas sual Türkiyədə keçirilən aksiyanın benefisiarının İran olub-olmaması və ya Bakıya qarşı siyasi-ideoloji müdaxilənin müxtəlif mərkəzlər tərəfindən sinxronlaşdırılıb-sinxronlaşdırılmamasıdır.

Onun fikrincə, hər iki versiyanı istisna etmək olmaz.

“Qumdakı konfrans sentyabrın 30-da, İstanbuldakı aksiya isə oktyabrın 3-də keçirilib. Türkiyədəki aksiyanın təşkilində İranın iştirakı mümkün versiyadır. Xüsusilə iki il əvvəl SOCAR-a qarşı keçirilən aksiyada da Tehrana bağlı qüvvələrin yer alması fonunda bu məsələ diqqət çəkir”, – Asif Nərimanlı vurğulayıb.

Təhlilçi qeyd edib ki, BMT-dəki məlum iclasdan sonra Türkiyədə Azərbaycana qarşı başlayan kampaniyada hakim komanda daxilindəki müxtəlif qrupların iştirakının olduğu barədə iddialar səslənir və hicab məsələsindən də həmin kampaniyanın komponentlərindən biri kimi istifadə olunur.

“Bu baxımdan, İran və Türkiyədə Azərbaycana qarşı siyasi-ideoloji müdaxilə cəhdlərinin paralel şəkildə aparıldığı görünür”, – deyə o əlavə edib.

Asif Nərimanlı hesab edir ki, hicab məsələsinin siyasi təzyiq vasitəsinə çevrildiyini göstərən ən azı iki mühüm amil var.

“Birincisi, Azərbaycanda məsələ iddia edildiyi kimi hicab qadağasından ibarət deyil, məktəblilər üçün vahid geyim formasının tətbiqindən söhbət gedir. Məktəblilərdən başqa istənilən vətəndaş bu seçimdən istifadə edə bilir. Məsələnin bu kontekstdən çıxarılaraq “hicab qadağası” kimi təqdim edilməsi açıq şəkildə informasiya kampaniyasına hesablanıb”, – siyasi təhlilçi bildirib.

Onun sözlərinə görə, ikinci diqqətçəkən məqam hicab məsələsinə etiraz edənlərin eyni yanaşmanı hicabın məktəblərdə məhdudlaşdırıldığı digər ölkələrə münasibətdə nümayiş etdirməməsidir.

“Qazaxıstanda 2016-cı ildən, 2023-cü ildə isə qaydalar daha da sərtləşdirilməklə məktəblərdə hicabla bağlı məhdudiyyətlər tətbiq olunur. Özbəkistanda 2018-ci ildən, Şimali Kipr Türk Cümhuriyyətində 2025-ci ildən məktəblərdə hicabdan istifadəyə qadağa qoyulub. Tacikistan 2007-ci ildə bu istiqamətdə qadağa tətbiq edib. Türkmənistanda isə dini deyil, yalnız milli baş örtüklərindən istifadə edilir”, – Asif Nərimanlı diqqətə çatdırıb.

Təhlilçi sual edib: “Əgər Türkiyədə Azərbaycana etiraz edənlərin, eləcə də İranın əsas məqsədi həqiqətən hicab azadlığının müdafiəsidirsə, həmin ölkələrdəki rəsmi məhdudiyyətlərə niyə reaksiya verilmir və ya indiyədək verilməyib?”

Asif Nərimanlının fikrincə, Azərbaycanda hicab məsələsinə aydınlıq gətirilməsi və mümkün həll yollarının tapılması zəruridir. Bununla yanaşı, o hesab edir ki, məsələnin kənar qüvvələr tərəfindən şişirdilməsi və siyasi oyunlarda təzyiq vasitəsinə çevrilməsi reallığı da nəzərdən qaçırılmamalıdır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər