Azərbaycanın inkişaf modeli sülh, ədalət və iqtisadi dayanıqlılıq üzərində qurulub - Tahir Mirkişili
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısının nitqi təkcə regiondakı tarixi ədalətsizliklərin və Ermənistanın törətdiyi cinayətlərin xatırladılması deyil, həm də Azərbaycanın inkişaf modelinin, iqtisadi siyasətinin və beynəlxalq əməkdaşlıq baxışının qlobal səviyyədə təqdimatı idi. Prezident İlham Əliyev çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz yurdundan didərgin salındığını vurğuladı. Bu, yalnız humanitar faciə deyil, həm də ciddi iqtisadi nəticələr doğuran amildir. İşğal illərində Azərbaycanın böyük iqtisadi potensiala malik torpaqları viran qoyuldu, kənd təsərrüfatı, infrastruktur və təbii sərvətlər məhv edildi.
ERAmedia – ya müsahibəsində bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün mandat alsa da, heç bir nəticə ortaya qoya bilmədi: “Bu siyasi və diplomatik boşluq yalnız Azərbaycanın gücü hesabına dolduruldu. 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və 10 noyabr tarixli kapitulyasiya aktı həm də regionun iqtisadi inkişafı üçün yeni imkanların açılmasına səbəb oldu.
Qələbədən dərhal sonra Azərbaycan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə başladı. Bu layihələr təkcə infrastrukturun bərpası deyil, həm də ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçididir. Şəhərlər “ağıllı şəhər” və yaşıl enerji konsepsiyası ilə qurulur, bölgə beynəlxalq investisiyalar üçün cəlbedici məkana çevrilir. Lakin Ermənistanın işğal illərində ərazilərimizə yerləşdirdiyi minalar bu inkişaf prosesinə ciddi təhlükə yaradır. Bu problem həm insan həyatına, həm də iqtisadi fəaliyyətə birbaşa təsir göstərir və beynəlxalq ictimaiyyətin daha fəal dəstəyini tələb edir.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, regional bağlantılar davamlı sülhün əsasını təşkil edir. Azərbaycanın yerləşdiyi coğrafiya Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşməklə ölkəmizi qlobal logistika və enerji təhlükəsizliyində əvəzsiz aktora çevirir. Bu dəhlizlər dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın tranzit imkanlarından gəlirlərini də artırır. Regionun inkişafı, ticarət axınlarının şaxələndirilməsi və yeni bazarlara çıxış imkanları ölkəmizin iqtisadi dayanıqlığını möhkəmləndirir”.
Tahir Mirkişili Azərbaycan iqtisadiyyatının son illərdə əldə etdiyi uğurların beynəlxalq aləmdə də nümunə kimi göstərildiyini qeyd edib: “Prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, yoxsulluğun və işsizliyin 5 faizə endirilməsi ölkəmizin sosial-iqtisadi siyasətinin uğurlu nəticəsidir. Bu, həm dövlət siyasətinin dayanıqlığını, həm də vətəndaşların rifah səviyyəsinin yüksəldiyini göstərir.
Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın 1992-ci ildə qəbul olunmuş Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin icrasını dayandırması Azərbaycan iqtisadiyyatına qarşı illərlə tətbiq olunmuş ədalətsiz məhdudiyyətlərin aradan qalxmasına şərait yaratdı. Bu qərar iqtisadi əməkdaşlıq imkanlarını genişləndirən mühüm addım idi.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal ekoloji məsələlərdə liderliyini nümayiş etdirir. Prezident İlham Əliyev yaşıl keçidə sadiqliyimizi vurğulamaqla yanaşı, iqtisadi reallıqlardan uzaq hədəflərin qoyulmasının faydasız olduğunu diqqətə çatdırdı. Bu yanaşma Azərbaycanın iqtisadi siyasətində praqmatizmin və reallığa əsaslanmanın əsas prinsip olduğunu göstərir. Xəzər dənizinin su ehtiyatının azalması probleminin beynəlxalq müstəviyə çıxarılması da, əslində, iqtisadi və ekoloji təhlükəsizlik baxımından strateji məsələdir. Bu, yalnız Azərbaycanın deyil, bütün regionun inkişafına təsir göstərir. Azərbaycan humanitar yardımları ilə də tanınır. Bu, dövlətimizin qlobal məsuliyyətə sadiqliyini göstərməklə yanaşı, ölkəmizin beynəlxalq imicini gücləndirir.
Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının islahatları ilə bağlı irəli sürdüyü təkliflər – Şuranın genişləndirilməsi və Qoşulmama Hərəkatının daimi nümayəndə ilə təmsil olunması ideyası – beynəlxalq idarəetmədə ədalətin təmininə yönəlmişdir. Bu yanaşma Azərbaycanın yalnız iqtisadi deyil, həm də siyasi baxımdan qlobal sistemdə ədaləti müdafiə etdiyini göstərir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın beynəlxalq imicini möhkəmləndirməklə yanaşı, ölkəmizin iqtisadi gücünün, sosial inkişaf modelinin və beynəlxalq əməkdaşlığa bağlılığının da təsdiqi oldu: “Azərbaycan artıq yalnız regional sabitlik və təhlükəsizlik aktoru deyil, həm də qlobal iqtisadi və ekoloji məsələlərin həllində fəal tərəfdaşdır. Son illərdə əldə etdiyimiz nailiyyətlər göstərir ki, Azərbaycanın inkişaf modeli sülh, ədalət və iqtisadi dayanıqlılıq üzərində qurulub və bu model beynəlxalq hüququn üstünlüyünün praktiki sübutudur”.