Azərbaycanın iqtisadi gələcəyi etibarlı tərəfdaşlıq üzərində qurulur
Milli Məclisin deputatı Tahir Mirkişili Prezident İlham Əliyevin Almaniyaya səfərinin Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyası baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
ERAmedia xəbər verir ki, Tahir Mirkişilinin sözlərinə görə, dövlət başçılarının xarici səfərlərinin real nəticələri təkcə imzalanan sənədlərlə deyil, formalaşan yeni geoiqtisadi reallıqlarla ölçülür və Prezident İlham Əliyevin Almaniyaya səfəri də məhz bu baxımdan xüsusi önəm daşıyır.
Deputat bildirib ki, səfəri yalnız diplomatik hadisə kimi deyil, Azərbaycanın Avropa iqtisadiyyatındakı mövqeyini daha da gücləndirən strateji addım kimi qiymətləndirmək lazımdır. O qeyd edib ki, gündəmdə enerji, ticarət və investisiyalar dayansa da, proseslərə geniş prizmadan baxdıqda Azərbaycanın Avropa ilə münasibətlərinin yeni mərhələyə keçdiyi aydın görünür.
Tahir Mirkişili vurğulayıb ki, qlobal iqtisadiyyatın sürətlə dəyişdiyi, tədarük zəncirlərinin yenidən formalaşdığı və enerji təhlükəsizliyinin milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrildiyi dövrdə ölkələrin dəyəri malik olduqları resurslardan daha çox etibarlı tərəfdaş kimi çıxış etmələri ilə müəyyən olunur. Onun sözlərinə görə, Azərbaycan son illərdə məhz bu etibarı formalaşdırmağı bacarıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Almaniyada səsləndirdiyi kimi, Azərbaycan qazının artıq Almaniya bazarına daxil olması ölkəmizin Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş statusunun daha da möhkəmləndiyini göstərir. O qeyd edib ki, Avropanın ən böyük iqtisadiyyatına çıxış Azərbaycanın enerji təminatçısı kimi etibarlılığının mühüm göstəricisidir.
Millət vəkilinin fikrincə, səfərin əsas əhəmiyyəti yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. O bildirib ki, XXI əsrdə texnologiya, logistika və innovasiya dövlətlərin inkişafında enerji qədər strateji rol oynayır. Bu baxımdan Almaniya ilə yüksək texnologiyalar, maşınqayırma, avtomatlaşdırma, yaşıl enerji və sənaye innovasiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm imkanlar yaradır.
Tahir Mirkişili qeyd edib ki, əsas məqsəd enerji gəlirlərini texnoloji inkişafın maliyyə mənbəyinə çevirmək, bilik və innovasiyaların ölkəyə cəlb olunmasını təmin etməkdir. Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız investisiya axını deyil, həm də yeni istehsal mədəniyyətinin və qabaqcıl texnologiyaların Azərbaycana transferi deməkdir.
Deputat Orta Dəhlizin əhəmiyyətinə də toxunaraq bildirib ki, bu marşrut artıq regional layihədən qlobal iqtisadi dəhlizə çevrilməkdədir. O vurğulayıb ki, Azərbaycanın məqsədi təkcə tranzit ölkəsi olmaq deyil, logistika mərkəzləri, sənaye zonaları, rəqəmsal xidmətlər və istehsal klasterləri vasitəsilə əlavə dəyər yaradan iqtisadi model formalaşdırmaqdır.
Tahir Mirkişili yaşıl enerji istiqamətində əməkdaşlığın genişlənməsini də strateji əhəmiyyətli hesab edib. O bildirib ki, Azərbaycan bir tərəfdən Avropanın enerji təhlükəsizliyinə qaz ixrac edir, digər tərəfdən isə Xəzər dənizinin külək potensialını gələcəyin enerji bazarına çevirmək istiqamətində mühüm addımlar atır. Deputatın fikrincə, bu, gələcəyin iqtisadiyyatına yönəlmiş uzunmüddətli investisiyadır.
Millət vəkili əlavə edib ki, Almaniya ilə strateji iqtisadi münasibətlərin inkişafı beynəlxalq investorların Azərbaycana inamını daha da gücləndirəcək. Onun sözlərinə görə, investorlar üçün siyasi sabitlik, etibarlı tərəfdaşlıq və dövlət institutlarının proqnozlaşdırıla bilməsi əsas amillərdəndir və bu baxımdan səfər Azərbaycanın investisiya cəlbediciliyini artıracaq.
Deputat sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya səfərinin əsas mesajı Azərbaycanın artıq təkcə enerji ixrac edən ölkə deyil, Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi arxitekturanın fəal iştirakçısı kimi çıxış etməsidir. Onun sözlərinə görə, enerji, logistika, rəqəmsal bağlantılar, yaşıl enerji, sənaye və texnologiya istiqamətləri vahid strateji inkişaf modelinin tərkib hissələridir və bu səbəbdən səfər Azərbaycanın uzunmüddətli iqtisadi transformasiyasının mühüm mərhələsi kimi qiymətləndirilməlidir.









