media-b9f825f7-3988-4fd4-87a3-1e7670aad97b

Azərbaycanın İrana göndərdiyi humanitar yardım regiondakı siyasi proseslər və informasiya müharibəsi kontekstində xüsusi əhəmiyyət daşıyır.

ERAmedia xəbər verir ki, bu barədə siyasi təhlilçi Asif Nərimanlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezidentin tapşırığı ilə Azərbaycandan İrana humanitar yardım göndərilib. Yardım paketinə 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, eləcə də 2 tona yaxın dərman və tibbi ləvazimat daxildir.

Təhlilçi qeyd edib ki, humanitar yardım Azərbaycan Prezidenti ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığından sonra göndərilsə də, Bakı bu addımı daha əvvəl planlaşdırmışdı. Onun sözlərinə görə, yardımın göndərilməsi İranın Naxçıvan istiqamətində hücumu səbəbindən bir müddət saxlanılmışdı.

Asif Nərimanlı bildirib ki, rəsmi Bakı həmin hadisə ilə bağlı Tehranın qarşısında müəyyən tələblər irəli sürüb.

“Bunlara insidentin araşdırılması və məsul şəxslərin cəzalandırılması daxildir. Lakin bu tələblərin hələ də tam şəkildə yerinə yetirilməməsinə baxmayaraq, Azərbaycanın humanitar yardım göndərməsi diqqət çəkən siyasi mesaj kimi qiymətləndirilməlidir”, – deyə o vurğulayıb.

Siyasi təhlilçinin sözlərinə görə, bu addım iki mühüm kontekstdə xüsusi əhəmiyyət kəsb edir.

Birincisi, Azərbaycan bununla göstərir ki, İranla bağlı hərbi qarşıdurmanın tərəfi deyil və İran xalqına qarşı düşmən münasibəti sərgiləmir.

“Bakı Tehrana qarşı müharibənin iştirakçısı yox, İran xalqının yardımçısı olduğunu nümayiş etdirir. Azərbaycan heç vaxt İrana qarşı platforma olmayıb. SEPAH tərəfindən irəli sürülən iddialara baxmayaraq, rəsmi Bakı bu müharibədə də qonşuluq prinsiplərindən çıxış edir. Humanitar yardımın göndərilməsi bunun praktiki təsdiqidir”, – deyə o qeyd edib.

İkinci mühüm məqam isə informasiya və təbliğat müstəvisinə aiddir.

“Asif Nərimanlının fikrincə, bu yardım İran hakimiyyətinin cənub bölgələrində yaşayan soydaşlarımız arasında apardığı ‘Azərbaycan İrana qarşı cəbhədə yer alır’ təbliğatına qarşı ciddi arqument yaradır. Bu addım həm müharibə dövründə, həm də post-müharibə mərhələsində – nəticələrin necə olmasından asılı olmayaraq – mühüm istinad nöqtəsi kimi çıxış edə bilər”, – deyə təhlilçi bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər