Azərbaycanın müstəqillik yolu: Zəfər, suverenlik və gələcək hədəflər
Azərbaycan xalqı 35 il əvvəl öz tarixi dövlətçilik ənənələrinə və 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal ideallarına sadiqliyini nümayiş etdirərək müstəqil dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoyub.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ötən 35 il dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli iradənin siyasi gücə çevrilməsi, demokratik və hüquqi dövlət institutlarının formalaşması, iqtisadi inkişaf və Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yer qazanması baxımından mühüm tarixi mərhələdir.
Deputat qeyd edib ki, bu yolun ən böyük uğurlarından biri Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan tarixi Zəfər və 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam bərpasıdır. Onun sözlərinə görə, bununla da müstəqilliyin siyasi-hüquqi mahiyyəti ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması ilə tamamlanıb.
Fazil Mustafa vurğulayıb ki, müstəqilliyin davamlılığı yalnız dövlətin güclü olması ilə deyil, həm də cəmiyyətin sağlam düşüncəyə, milli-mənəvi dəyərlərə, hüquqi şüura və vətəndaş məsuliyyətinə sahib olması ilə bağlıdır.
Deputatın fikrincə, bu baxımdan vətəndaş cəmiyyəti institutlarının inkişafı, ictimai birliklərin dövlət və cəmiyyət həyatında fəal iştirakı, dini etiqad azadlığının və dünyəvilik prinsiplərinin qorunması xüsusi əhəmiyyət daşıyır. O, milli-mənəvi irsin xurafat və cəhalətdən uzaq, maarifçi düşüncə əsasında yaşadılmasının vacibliyini də qeyd edib.
Fazil Mustafa bildirib ki, müstəqillik eyni zamanda hər bir vətəndaşın daşıdığı məsuliyyətdir. Onun sözlərinə görə, güclü dövlətin ən etibarlı dayağı öz hüquqlarını bilən, vəzifələrini dərk edən, milli kimliyinə bağlı və çağdaş dünyaya açıq vətəndaşdır.
Deputat əlavə edib ki, qarşıda duran əsas vəzifələrdən biri Zəfərlə möhkəmlənmiş dövlətçiliyi elm, təhsil, mədəniyyət, hüquq və ictimai həmrəylik istiqamətlərində daha da inkişaf etdirmək, müstəqilliyin mənəvi və intellektual əsaslarını gücləndirməkdir.
Fazil Mustafa fikirlərini bu sözlərlə yekunlaşdırıb: “Müstəqillik bizim tarixi seçimimiz, suverenlik milli iradəmizin təntənəsi, güclü və aydın düşüncəli Azərbaycan isə parlaq gələcək idealımızdır! Müstəqilliyimiz əbədi, dövlətimiz qüdrətli, xalqımız daim birlik içində olsun!”
Əli Fərhad









