media-15170469124782742236_1200x630

16 iyul Azərbaycanın görkəmli tarixçi alimi və şərqşünası Sara Aşurbəylinin anım günüdür.

ERAmedia xəbər verir ki, 1906-cı ildə anadan olan Sara Aşurbəyli zəngin elmi yaradıcılığı, çoxşaxəli fəaliyyəti və Azərbaycan tarixinin araşdırılmasına verdiyi mühüm töhfələrlə elm tariximizdə silinməz iz qoyub.

Onun peşəkar fəaliyyətinin ilk mərhələlərindən biri Azərbaycan Tarixi Muzeyi ilə bağlı olub. 1930–1933-cü illərdə muzeyin tarix-etnoqrafiya şöbəsində çalışan alim ekspozisiyanın hazırlanmasında iştirak edib, həmçinin Azərbaycanın müxtəlif etnik qruplarının öyrənilməsi və təsviri istiqamətində fəaliyyət göstərib.

Sara Aşurbəylinin həyatı yalnız tarix elmi ilə məhdudlaşmayıb. O, dekorativ rəssam kimi də çalışıb, dram teatrında rəssam və dekorator vəzifələrində fəaliyyət göstərib. Müxtəlif dövrlərdə müəllimlik edən alim Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il Azərbaycan Dövlət Konservatoriyasında xarici dil fənnindən dərs deyib.

Geniş dünyagörüşü, yüksək iş qabiliyyəti və zəhmətkeşliyi ilə seçilən Sara Aşurbəyli öz istedadını müxtəlif sahələrdə nümayiş etdirib. O, hətta çəkdiyi rəsm əsərlərini sataraq dolanıb və yaradıcılıq fəaliyyətini həyatının mühüm hissəsinə çevirib.

Azərbaycan tarixinin, xüsusilə Bakı və Şirvanşahlar dövlətinin tarixinin araşdırılmasında mühüm xidmətləri olan Sara Aşurbəylinin elmi irsi bu gün də tarixçilər və tədqiqatçılar üçün dəyərli mənbə olaraq qalır. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan elmi və mədəniyyət tarixində özünəməxsus bir məktəb formalaşdırıb.


media-adspc

Bənzər xəbərlər