Azərbaycanın qazandığı böyük Qələbə yeni reallıqlar yaradıb-Könül Nurullayeva
Azərbaycan bu vaxta qədər BMT də daxil olmaqla, bütün beynəlxalq platformalara təcavüz və işğaldan əziyyət çəkən tərəf kimi qatılırdısa, artıq son 5 ildə həmin platformalarda qalib ölkə kimi təmsil olunur.
ERAmedia-nın məlumatına görə bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri Azərbaycanın nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Nyu-Yorka səfəri zamanı qarşı tərəfin təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli çoxsaylı görüşlər bunun əyani sübutu idi. Azərbaycan həm iqtisadi potensialı və qlobal əməkdaşlıq təşəbbüsləri, eyni zamanda, siyasi gündəliyi ilə beynəlxalq aləmdə böyük maraqla qarşılanır. Dövlətimizin başçısının iri investisiya şirkətlərinin, müxtəlif ölkələrin liderləri, Avropa Şurasının və BMT-nin Baş katibləri ilə görüşləri AZƏRBAYCANA olan marağın göstəricisidir.
“Bütün görüşlərdə Azərbaycan liderinə rəğbət açıq şəkildə ifadə olunurdu. ABŞ Prezidenti Donald Tramp isə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda Müzəffər Ali Baş Komandana “Mən Sizinlə həqiqətən fəxr edirəm” söylədi. Bu, Azərbaycan Liderinə ehtiramı özündə əks etdirir.
BMT Baş Assambleyasında çıxışı zamanı isə Prezident İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu bildirdi. Dövlətimizin başçısı BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış edib. Budəfəki çıxış digərlərindən fərqli olmaqla bərabər, həm də tarixi idi. İlk növbədə ona görə ki, Azərbaycanın qazandığı böyük Qələbə yeni reallıqlar yaradıb və rəsmi Bakının bütün qlobal-regional proseslərə yanaşması bu reallıqlar kontekstində formalaşır. Prezident İlham Əliyev BMT tribunasından çıxışı zamanı Azərbaycanın həm 30 il işğaldan, həm də ikili standartlardan əziyyət çəkdiyini vurğuladı. Xüsusilə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal siyasətinə qarşı qəbul etdiyi qətnamələrin icra mexanizminin olmadığını, Azərbaycanın öz gücü və iradəsi ilə bu qətnamələri yerinə yetirdiyini diqqətə çatdırdı. Bunu beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu kimi qiymətləndirdi”, – deyə K.Nurullayeva vurğulayıb.
Deputat bildirib ki, BMT-nin Baş katibi Antonio Quttereş ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış çərçivə sazişini iki Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm bir mərhələ kimi alqışlayıb. Prezident İlham Əliyevlə görüşdə Baş katib bir daha Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
K.Nurullayeva dövlətimizin başçının toxunduğu vacib məsələlərdən birinin də Birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı məsələ olduğunu bildirərək deyib: “Əslində, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisinin mandatının yaradılması bu həssas məsələyə qlobal diqqətin artırılmasına və onun daha effektiv şəkildə həllinə töhfə verə bilər. Bu səbəbdən Azərbaycan Prezidenti mina probleminin Böyük Qayıdışa törətdiyi əngəli xatırladarkən, ölkəmizin 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb etdiyini də vurğuladı. Azərbaycan Prezidenti, həmçinin Azərbaycanın uğurlu enerji strategiyasına, COP29-un timsalında ölkəmizin iqlim dəyişikliklərilə mübarizəyə töhfəsinə də diqqət çəkdi”.
Parlamentari vurğulayıb ki, Azərbaycan Prezidentinin ABŞ-a budəfəki səfəri həm Ağ Ev, həm də BMT ilə münasibətlərdə yeni mərhələ hesab oluna bilər. Əslində, Azərbaycan hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verib.