Azərbaycanın qəhrəmanları Türk dövlətlərinin gəncləri üçün əsl vətənpərvərlik nümunəsidir - Aygün Attar
44 günlük Vətən müharibəsindəki Zəfər təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi hadisəyə çevrildi. Azərbaycanın tarixi torpaqlarının azad edilməsi uğrunda aparılan ədalətli mübarizənin bütün mərhələləri öyrənilməli və beynəlxalq ictimaiyyətə, o cümlədən Türkiyə xalqına çatdırılmalıdır.
ERAmedia – ya bu barədə açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri, professor Aygün Attar deyib. A.Attar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən Anım Gününün xüsusi əhəmiyyətini qeyd edib.
“Hər il Vətən müharibəsinin başlanmasının ildönümündə Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşən qardaş ölkənin qəhrəmanlarının şücaəti barədə Türkiyə vətəndaşlarını hərtərəfli məlumatlandırırıq. Türkiyə ictimaiyyətinin müxtəlif təbəqələrinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda göstərdiyi qəhrəmanlığa maraq ildən-ilə artır. Azərbaycanın Anım Gününə həsr olunmuş görüş, yığıncaq, sərgi və digər tədbirlərdə iştirakçıların sayı o həddə çatır ki, onları açıq havada keçirməli oluruq”, – deyə professor bildirib. Fondun rəhbəri TADIV-in Ankarada Azərbaycanın Anım Günü ilə bağlı təşkil etdiyi tədbirdə Türkiyənin 20-yə yaxın ictimai təşkilatının nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb. Türkiyə mediası da tədbirə fəal maraq göstərib.
Şəhidlərin xatirəsini ehtiramla yad etmək, türk ölkələrində yaşayan gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsinə çevrilmiş qazilərə ehtiram göstərmək hər bir azərbaycanlının borcudur”, – deyə A.Attar əlavə edib.