media-17881642521768326470_1200x630

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfərdə olub.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, ŞƏT-in 25 illiyi ilə bağlı keçirilən tədbirlər, eləcə də insanlararası və mədəni mübadilələr, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan aparıcı beynəlxalq qurumlarla, o cümlədən ŞƏT və təşkilata üzv olan dövlətlərlə tərəfdaşlığını davamlı şəkildə gücləndirir. O qeyd edib ki, Qərb və Şərqlə əməkdaşlığını paralel şəkildə inkişaf etdirən Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında rolu da getdikcə artır.

Vüqar Bayramov vurğulayıb ki, ŞƏT ilə tərəfdaşlıq coğrafi əhatəsinə və əhali sayına görə dünyanın ən böyük təşkilatlarından biri ilə əməkdaşlıq deməkdir. Onun sözlərinə görə, Avrasiyanın təxminən 65, dünya ərazisinin isə 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalisinin 42 faizi yaşayır. Eyni zamanda, qlobal nominal ÜDM-in 24 faizi, real iqtisadiyyatın isə 36 faizi ŞƏT üzvü ölkələrin payına düşür.

Deputat bildirib ki, Azərbaycan ŞƏT ilə dialoq tərəfdaşlığı statusuna malik 15 dövlətdən biridir. Təşkilatın 10 üzvü ilə yanaşı, iki dövlət müşahidəçi qismində təmsil olunur. Azərbaycanın dialoq tərəfdaşı kimi ŞƏT-lə sıx əməkdaşlıq etdiyini deyən Vüqar Bayramov qeyd edib ki, söhbət iqtisadi potensialı 25 trilyon dollar olan dövlətlərlə geniş tərəfdaşlıq imkanlarından gedir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Azərbaycanın dörd əsas ticarət tərəfdaşından üçü ŞƏT platformasında təmsil olunur. Onlardan ikisi təşkilatın üzvü, biri isə tərəfdaş dövlət statusundadır. Bu amil, onun fikrincə, Azərbaycan üçün ŞƏT çərçivəsində iqtisadi və ticarət əlaqələrinin inkişafı baxımından əlavə imkanlar yaradır.

Vüqar Bayramovun sözlərinə görə, ŞƏT ilə əməkdaşlığın gücləndirilməsi Azərbaycanın ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığının inkişaf etdirilməsi prioritetini dəyişmir. Əksinə, Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində əməkdaşlığını genişləndirərək balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunu davam etdirir.

Deputat qeyd edib ki, Azərbaycanın uğurlu xarici siyasəti ölkənin beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirməklə yanaşı, onun geosiyasi mövqeyini və regional təhlükəsizliyin təmin olunmasında rolunu da daha da gücləndirir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər