Azərbaycanın startap ekosistemi yeni inkişaf mərhələsinə qədəm qoyur
Prezident İlham Əliyevin vençur kapitalı fondları və kraudfandinq mexanizmləri ilə bağlı qanunvericiliyə etdiyi son dəyişikliklər Azərbaycanda startap ekosisteminin inkişafı baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, 2012-ci ildə Azərbaycan İnternet Forumunun üzvləri, sektorun müstəqil ekspertləri və İT biznes nümayəndələri ilə birlikdə ilk dəfə Bulvarda “Startap Azərbaycan” icmasının yaradılması müzakirə olunub. Onun sözlərinə görə, 2013-cü ildən “Startap Azərbaycan” adı ilə fəaliyyətə başlayan təşəbbüs ölkədə genişmiqyaslı işlərə start verib və bütün maraqlı tərəflərin iştirakı ilə startap ekosisteminin inkişafına həsr olunan ilk böyük konfrans təşkil edilib.
Osman Gündüz qeyd edib ki, həmin konfransda səsləndirilən çoxsaylı təkliflər ümumiləşdirilərək hökumətə təqdim olunub. Bu təkliflər arasında ən vaciblərindən biri vençur maliyyələşməsi və startaplar üçün müasir investisiya mexanizmlərinin hüquqi əsaslarının yaradılması olub.
Onun sözlərinə görə, təqdim edilən təkliflərin əhəmiyyətli hissəsi sonrakı illərdə həyata keçirilsə də, vençur maliyyələşməsi ilə bağlı qanunvericiliyin formalaşması üçün 10 ildən artıq vaxt tələb olunub.
Ekspert bildirib ki, maraqlı məqamlardan biri də həmin dövrdə bəzi qonşu ölkələrdə “startap” anlayışının yeni formalaşmağa başlamasına baxmayaraq, sonradan onların daha çevik qərarlar qəbul etməsi olub. O vurğulayıb ki, Özbəkistan, Ermənistan, Gürcüstan və digər ölkələr vençur qanunvericiliyini qəbul edib, fondlar yaradıb, investorları cəlb edib və nəticədə regionun innovasiya xəritəsində rəqabət qabiliyyətlərini əhəmiyyətli dərəcədə gücləndiriblər.
Osman Gündüz hesab edir ki, Azərbaycanda aidiyyəti qurumlar tərəfindən müxtəlif dövrlərdə vençur qanunvericiliyi ilə bağlı layihələr hazırlanıb. Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASAN Xidmət və KOBİA-da bu istiqamətdə təşəbbüslər mövcud olsa da, müxtəlif səbəblərdən, o cümlədən razılaşdırma proseslərinin uzanması səbəbindən bu layihələr uzun müddət nəticə verməyib.
O bildirib ki, son nəticədə təşəbbüsü Azərbaycan Mərkəzi Bankı üzərinə götürüb və onun sözlərinə görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) yaxından dəstəyi ilə bütün maraqlı tərəflərin razılığı əsasında qanunvericilik dəyişikliklərinin qəbuluna nail olunub. Ekspert Mərkəzi Bankın və prosesin sürətlənməsində rol oynayan İRİA-nın fəaliyyətini yüksək qiymətləndirib.
Bununla yanaşı, Osman Gündüz hesab edir ki, qlobal vençur bazarının sürətlə inkişaf etdiyi dövr Azərbaycan startap ekosistemi üçün itirilmiş onillik olub. Onun fikrincə, həmin dövrdə Azərbaycanın həm resurs, həm də insan kapitalı baxımından qonşu ölkələrdən daha əlverişli başlanğıc mövqeyi var idi.
Ekspert yeni qanunvericilik dəyişikliklərini ümumilikdə ekosistem üçün mühüm və düzgün addım kimi qiymətləndirib. O bildirib ki, ilk dəfə vençur fondlarının fəaliyyəti hüquqi əsaslarla tənzimlənəcək, xarici investorların bazara daxil olması və beynəlxalq investisiya alətlərinin tətbiqi üçün yeni imkanlar yaranacaq.
Bununla belə, Osman Gündüz bəzi məhdudiyyətlərin də mövcud olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hazırkı model əsasən peşəkar, yəni akkreditə olunmuş investorlar üzərində qurulub və adi vətəndaşların vençur fondlarına sərbəst investisiya yatırması nəzərdə tutulmur. Ekspert hesab edir ki, gələcəkdə risklər nəzərə alınmaqla müəyyən limitlər çərçivəsində fiziki şəxslərin də bu prosesə cəlb edilməsi faydalı ola bilər.
O əlavə edib ki, kraudfandinq mexanizmlərində adi vətəndaşların iştirakı mümkün olsa da, xaricdə qeydiyyatdan keçmiş Azərbaycan startapları bu imkanlardan istifadə edə bilməyəcəklər. Bundan başqa, mexanizm əsasən səhm və borc əsaslı maliyyələşdirməni əhatə edir və mükafat və ya ianə əsaslı modellər nəzərdə tutulmur.
Osman Gündüz vurğulayıb ki, bundan sonrakı əsas vəzifə qəbul edilən qanunların praktikada effektiv işləməsini təmin etməkdir. Onun fikrincə, yeni vençur fondlarının yaradılması, mələk investorların fəallaşdırılması, korporativ innovasiya proqramlarının genişləndirilməsi və beynəlxalq investorların Azərbaycana cəlb olunması istiqamətində daha çevik addımlar atılmalıdır.
Ekspert son aylarda İRİA-da da bu istiqamətdə dinamikanın artdığını müşahidə etdiyini bildirib və ümidvar olduğunu ifadə edib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi hüquqi dəyişikliklər Azərbaycanın startap ekosisteminə yeni nəfəs verəcək, itirilmiş illərin əhəmiyyətli hissəsinin qısa müddətdə kompensasiya olunmasına şərait yaradacaq.










