Azərbaycanın suverenliyinin tam təmin edilməsi tariximizin şanlı səhifəsidir - Tahir Mirkişili
Dünyada heç də bütün xalqlar müstəqil dövlətini yaratmaq xoşbəxtliyinə nail ola bilməyib. Azərbaycan xalqı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala və parçalanmalara baxmayaraq əsrlər boyu dövlətçilik arzusunu və mübarizəsini davam etdirib. Heç bir qüvvə xalqımızın iradəsini, əzmini sındıra bilməyib. Əsrlər boyu apardığımız mübarizə tariximizə kədərli, qürurlu, acılı-şirinli – əlamətdar günlər bəxş edib. Təqvimimizdə elə günlər var ki, həmin gün dövlətimizin, xalqımızın taleyi həll olunub. 20 Sentyabr – Azərbaycanda Dövlət Suverenliyi Günü də belə əlamətdar tarixlərdən biridir. Bu gün Azərbaycan xalqının əsrlər boyu davam edən müstəqillik, ərazi bütövlüyü uğurunda göstərdiyi əzmin, mübarizənin, dövlətçilik iradəsinin təntənəsidir.
Bu fikirləri ERAmedia – ya müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, dövlət suverenliyi xalqın öz taleyinə sahib çıxmaq, daxili və xarici siyasətdə müstəqil olmaq, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etmək imkanlarını təmin edən ali dəyərdir: “Xalqımız, dövlətimiz bu dəyərə hər zaman xüsusi önəm verib.
Qədim dövrlərdən bəri müxtəlif imperiyaların işğalına məruz qalsaq da, milli varlığımızı, dilimizi, mədəniyyətimizi və dövlətçilik ənənələrimizi itirməmişik, qoruyub saxlamışıq. Biz hər zaman hökmdarı, rəhbəri olan xalq olmuşuq. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmiz ciddi təhlükələrlə, itkilərlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhranlar, iqtisadi çətinliklər dövlətin varlığını təhdid edirdi. Belə mürəkkəb dövrdə xalqın milli birliyi, müstəqillik arzusu və təbii ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, peşəkarlığı Azərbaycanın dövlətçiliyini yox olmaqdan xilas etdi”.
Deputat bildirib ki, Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ərazi bütövlüyünün təmin edilməsi və müstəqilliyinin gücləndirilməsi uğrunda daim mübarizə aparıb: “Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi. Nəticədə, Azərbaycan BMT-nin qətnamələrini özü icra etdi, beynəlxalq hüququn aliliyini təmin etdi. Bu qələbə Azərbaycan dövlətçiliyinin və xalqın milli iradəsinin gücünün nümayişi idi. Yaddaşlarda əbədi qalacaq 44 günlük Vətən müharibəsində parlaq qələbədən sonra Azərbaycan Ermənistana sülh təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bu çağırışı düzgün dəyərləndirə bilmədi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə, təxribatlar törətməkdə davam etdi. Amma Azərbaycan dövləti buna göz yuma, problemin həllini gələcək nəsillərin öhdəsinə buraxa bilməzdi. 2023-cü il sentyabrın 19-20-də, cəmi 23 saat ərzində separatçı qüvvələr tərk-silah edildi, qanunsuz qurum özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın suverenliyi bütün ərazilərdə tam bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu əməliyyat beynəlxalq hüquqa, dövlətin daxili qanunvericiliyinə və suveren hüquqlarına tam uyğun idi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar təkcə tarixi hadisələrin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə dövlətçilik məfhumunun əhəmiyyətini aşılayan mühüm addımdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin milli kimliyinin, hüquqi-siyasi dayaqlarının möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım oldu.
Bu gün Azərbaycan suveren dövlət kimi dünya birliyində layiqli mövqe tutur. Ərazi bütövlüyümüz tam təmin olunub, sərhədlərimiz üzərində tam nəzarət bərpa olunub. Bu, ölkəmizin iqtisadi inkişafına, regional və beynəlxalq əməkdaşlıqda mövqelərinin güclənməsinə, xalqımızın rifahına geniş imkanlar açır”.
Deputat qeyd edib ki, 30 ildən artıq davam edən və danışıqlar yolu ilə həll edilməyən bir münaqişə Azərbaycanın beynəlxalq hüquqa söykənən hərbi əməliyyatları nəticəsində öz ədalətli həllini tapdı: “Dünya, hətta Ermənistanın özü Azərbaycanın qələbəsini nəinki tanıdı, hətta bu münaqişədə İrəvanın günahkar olduğu, vasitəçilik missiyasını üzərinə götürən ATƏT Minsk qrupunun fəaliyyətsizliyi etiraf olundu. Ölkəmizə qarşı haqsızlıq etmiş, qərəz nümayiş etdirmiş qüvvələr Azərbaycanın gücü qarşısında geri çəkilməyə məcbur oldular. Bütün bunlar Azərbaycanın uzaqgörən lideri, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, ordumuzun gücü, xalqımızın iradəsi, birliyi nəticəsində mümkün oldu. Bu gün Azərbaycan suveren dövlətdir. İşğaldan azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımızın altında özümüzü qürurlu, güclü, xoşbəxt sayırıq. Vaxtilə separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca təqdirəlayiqdir. Prezidentin də qeyd etdiyi kimi, yaxın gələcəkdə Xankəndi tələbə, gənclik şəhəri olacaq”.