media-c39f6a9cd0db6638ff99c2a42bbb70eb_5929737

Dünyanın müxtəlif regionlarında gərginliklərin artdığı, bəzi dövlətlərin mürəkkəb problemlər qarşısında çıxış yolu tapa bilmədiyi bir dövrdə liderlik amili yenidən ön plana çıxır.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib ki, bir çox ölkələr ya öz səhvləri nəticəsində, ya da xarici təsirlər səbəbilə düşdükləri mürəkkəb vəziyyətdən çıxmaqda çətinlik çəkirlər.

Onun sözlərinə görə, bəzi hallarda dövlət rəhbərləri yanlış qərarlarla vəziyyəti daha da ağırlaşdırır, nəticədə həm daxili, həm də beynəlxalq nüfuzlarını itirirlər.

M.Qasımlı qeyd edib ki, belə şəraitin yaranmasının əsas səbəbi dünyada müdrik dövlət rəhbərlərinin çatışmazlığıdır: “Ölkələr öz-özünə deyil, liderlər tərəfindən idarə olunur və düzgün qərarlar məhz onların siyasi iradəsindən asılıdır.”

Bu baxımdan o, Prezident İlham Əliyevin fəaliyyətini nümunə kimi qiymətləndirib. Bildirib ki, bir sıra ölkələrin rəhbərləri Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacibliyini dəfələrlə vurğulayıblar.

Sədr müavini xatırladıb ki, Latviyanın Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri zamanı bu yanaşma bir daha öz təsdiqini tapıb. Dövlət başçılarının mətbuata bəyanatları zamanı səsləndirilən fikirlər münaqişələrin həllində siyasi iradə və strateji baxışın həlledici rol oynadığını göstərib.

M.Qasımlı Donald Trampın təşəbbüsü ilə baş tutan görüşlərdən sonra regionda formalaşan vəziyyətə də toxunaraq bildirib ki, əldə olunan dinamika sülh prosesinin mümkünlüyünü sübut edir. Onun sözlərinə görə, ticarət əlaqələrinin qurulması, humanitar təmasların artması uzun illər münaqişə şəraitində olan ölkələr arasında etimad mühitinin yaranmasına xidmət edir.

Milli Məclis sədr müavini vurğulayıb ki, bu model hazırda müharibə şəraitində olan digər ölkələr üçün də nümunə ola bilər: “Siyasi müdriklik və gələcəyə strateji baxış hadisələrin istiqamətini müəyyən edir – ya münaqişə davam edir, ya da sülhə nail olunur.”

Vitse-spiker əlavə edib ki, Latviya Prezidentinin “Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir” fikri təkcə bir ölkənin deyil, daha geniş coğrafiyanın mövqeyini ifadə edir. Onun qənaətinə görə, Avropa və dünya yalnız Azərbaycanın enerji resurslarına deyil, eyni zamanda onun nümayiş etdirdiyi siyasi idarəçilik modelinə də ehtiyac duyur.


media-adspc

Bənzər xəbərlər