Azərbaycanın valyuta ehtiyatları 90 milyard dolları ötüb
Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə artmaqda davam edir.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı diqqət çəkdiyi mühüm məqamlardan biri də ölkənin valyuta ehtiyatlarının xarici borcu 20 dəfə üstələməsi ilə bağlı olub.
Deputatın sözlərinə görə, 2026-cı il Azərbaycanın valyuta ehtiyatlarının artımı baxımından mühüm illərdən biridir. 2025-ci ilin sonunda ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard dollar təşkil etdiyi halda, 2026-cı ildə bu göstərici artıq 90 milyard dolları ötüb.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan strateji valyuta ehtiyatları ümumi daxili məhsulundan (ÜDM) çox olan azsaylı ölkələr sırasındadır. Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları illik ÜDM-i təxminən 12 faiz üstələyir və bu göstərici Azərbaycanı dünya üzrə ilk onluqda qərarlaşdırır.
Deputat hesab edir ki, yüksək həcmdə strateji valyuta ehtiyatlarının formalaşması ölkə iqtisadiyyatı üçün mühüm təhlükəsizlik yastığı yaradır.
“Hazırda Dövlət Neft Fondunun 73 milyard dollar aktivləri var. 2025-ci ilin sonunda 11,5 milyard dollar olan Mərkəzi Bankın ehtiyatları isə 2026-cı ildə 15,3 milyard dollaradək yüksəlib”, – deyə Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin geridə qalan aylarında nəzərdə tutulan fiskal öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, valyuta ehtiyatlarında qeydə alınan artım sistemli iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilə bilər.
“Göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanıqlı iqtisadi inkişaf hədəfləri nəzərə alınmaqla, daha strateji müddətdə iqtisadi təhlükəsizliyin davamlı qorunmasına imkan yaradır”, – deyə deputat vurğulayıb.
Vural










