Azərbaycanlı aktrisanın fotosu Moskva avtobusunda diqqət çəkib
Azərbaycan kino sənətinin tanınmış simalarından olan Həmidə Ömərova ilə bağlı maraqlı bir xatirə diqqət çəkib.
ERAmedia xəbər verir ki, kinoşünas Ayaz Salayev aktrisanın fotosunun Moskvada ictimai nəqliyyat vasitələrindən birində yerləşdirildiyini danışıb.
Ayaz Salayevin sözlərinə görə, o, Moskvada aspiranturada təhsil aldığı müddətdə 176 saylı avtobusla Kinematoqrafiya İnstitutuna gedirmiş. Həmin dövrdə avtobus sürücülərinin salonun daxilində gözəl qadınların şəkillərini yerləşdirməsi adi hal sayılırmış.
Kinoşünasın diqqətini çəkən məqam isə sürücülərdən birinin seçimində Həmidə Ömərovanın fotosuna üstünlük verməsi olub. Moskva sakini olan sürücü aktrisanın “Sovetskiy ekran” jurnalından kəsilmiş şəklini avtobusun salonuna yapışdırıbmış.
Salayevin bölüşdüyü bu xatirə Həmidə Ömərovanın obrazının və ekran cazibəsinin təkcə Azərbaycan tamaşaçıları arasında deyil, ölkə hüdudlarından kənarda da diqqət çəkdiyini göstərən maraqlı bir epizoddur.
Vüsalə









