media-2028c128-d407-4b0e-9367-2e6d21855e3c

ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alim, Mərkəzi Florida Universitetinin FSEC Enerji Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrə tədqiqatçısı, professor Nazim Muradov beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən uğurlara imza atıb.

ERAmedia xəbər verir ki, NASA-UCF tədqiqat qrupunun üzvü olan alim ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) missiyaları çərçivəsində sınaqdan keçirilərək uğur qazanan unikal hidrogen sensorunun hazırlanmasında iştirak edib. Bu texnologiya hidrogen təhlükəsizliyi və enerji sistemlərinin inkişafı baxımından mühüm yenilik hesab olunur.

Professor Muradov elmi fəaliyyəti ərzində yeddi kitabın müəllifi və həmmüəllifi olub. O, enerji və təmiz texnologiyalar sahəsində 50-yə yaxın patentə sahibdir. Alim həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən 100-dən çox milli və beynəlxalq elmi konfransda məruzələrlə çıxış edib, bir sıra nüfuzlu tədbirlərdə əsas təqdimatçı və plenar mühazirəçi kimi iştirak edib.

Nazim Muradovun professor Nejat Veziroğlu ilə birgə hazırladığı karbohidrogenlərlə bağlı elmi məqalə “Thomson Reuters Essential Science Indicators” tərəfindən hidrogen iqtisadiyyatı sahəsində ən çox istinad edilən tədqiqatlardan biri kimi göstərilib.

Azərbaycanlı alimin innovativ araşdırmaları və elmə verdiyi töhfələr ona ABŞ-ın nüfuzlu elmi qurumlarından biri olan National Academy of Inventors üzvlüyünü qazandırıb. Onun fəaliyyəti enerji texnologiyalarının inkişafı və hidrogen iqtisadiyyatının gələcəyi istiqamətində mühüm töhfə kimi dəyərləndirilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər