Azərbaycanlı sərnişinlər Türkiyədə çiçəklərlə qarşılandı
İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) Naxçıvan Muxtar Respublikasının ərazisinə, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı və ətrafına düşməsi nəticəsində hava limanı müəyyən ziyan görüb. Hadisədən sonra təhlükəsizlik məqsədilə hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu səbəbdən Bakı ilə Naxçıvan arasında birbaşa hava əlaqəsi də müvəqqəti olaraq kəsilib. Mövcud vəziyyəti nəzərə alan Türkiyə tərəfi alternativ həll yolu kimi Bakıdan Naxçıvana uçan təyyarələrin Iğdır hava limanına enməsi və sərnişinlərin oradan xüsusi ayrılmış avtobuslarla Naxçıvana çatdırılması təklifini irəli sürüb. Rəsmi Bakı bu təklifi qəbul edib və artıq uçuşlar həmin marşrut üzrə həyata keçirilir.
ERAmedia-nın məlumatına görə, ilk mərhələdə beş sərnişin təyyarəsi Iğdır hava limanına eniş edib. İlk reyslə birlikdə 72 sərnişin Iğdıra çatdırılıb.
Iğdır hava limanında sərnişinləri Türkiyənin Iğdır vilayətinin millət vəkili Cantürk Alagöz, vali müavini Ahmet Gökçecik, Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev, Iğdır Universitetinin rektoru Ekrem Gürel, AK Partiyanın Iğdır vilayət təşkilatının sədri Ali Kemal Ayaz və hava limanının müdiri Fikret Bağca qarşılayıblar. Qonaqlar çiçəklərlə salamlanıb.
Rəsmi açıqlamaya əsasən, Naxçıvan hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakı–Naxçıvan istiqamətində uçuşlar Iğdır hava limanı üzərindən təşkil olunacaq.
Hadisə ilə bağlı danışan Iğdır millət vəkili Cantürk Alagöz bildirib ki, bölgədə baş verən hadisələrdən narahatdırlar və yaralananlara tezliklə sağalma diləyirlər. Onun sözlərinə görə, Naxçıvan hava limanında baş verən hadisəyə görə uçuşlar müvəqqəti dayandırılıb və təhlükəsizlik baxımından Bakı–Naxçıvan reysləri Iğdır üzərindən həyata keçiriləcək. Alagöz həmçinin qeyd edib ki, Naxçıvanlı və azərbaycanlı qardaşlarını Iğdırda görməkdən məmnundurlar.
Millət vəkili əlavə edib ki, Iğdır hava limanının ilk dəfə beynəlxalq uçuşlara xidmət göstərməsi əlamətdar hadisədir. Onun sözlərinə görə, hava limanının gömrük zonası statusu alması və uçuşların açılması bu prosesdə mühüm rol oynayıb.
Qeyd edək ki, Naxçıvan hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakıdan gələn sərnişinlər Iğdır hava limanına enəcək və oradan quru yolu ilə Naxçıvana keçəcəklər.
Vüsalə










