media-17881925271719745033_1200x630

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Elm və Təhsil Nazirliyinin (ETN) rəhbərliyi və nümayəndələri Qarabağda Azıx mağarasını ziyarət edib, burada beynəlxalq ekspedisiya tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar.

Akademiyadan ERAmedia-ya bildirilib ki, əvvəlcə qazıntı sahələrindən tapılmış eksponatlara baxış keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ETN Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman və başqaları Azıx mağarasında aparılan qazıntı yerlərini gəzib və aparılan tədqiqatlar barədə ətraflı məlumat alıblar.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, Azıx beynəlxalq ekspedisiyasının rəhbəri, Almaniyada fəaliyyət göstərən Leiza İnstitutunun Traseologiya və Nəzarətli Eksperimentlər Laboratoriyasının müdiri Joao Marreiros, Azıx ekspedisiyasının rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi və Qarabağ Universitetinin nəzdində fəaliyyət göstərən Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə Azıx mağarası tədqiqatlarının tarixi, 2023-cü ildən fəaliyyətə başlayan beynəlxalq ekspedisiyanın fəaliyyəti, ərazidən tapılan maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat veriblər.

Akademik İsa Həbibbəyli Azıx beynəlxalq ekspedisiyasının üzvləri ilə son illərdə AMEA Rəyasət Heyətində keçirilən görüşlərindən danışaraq, bu il arxeoloji qazıntılarda iştirak edən xarici ölkə tədqiqatçılar heyətinin genişləndirildiyini və mühüm elmi nəticələrin əldə edildiyini bildirib. Qeyd edib ki, elm tarixində ilk dəfə olaraq Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyən olunub və ikinci girişdən daxil olmaqla mağaranın yeni istiqamətdə tədqiqinə başlanılıb.

Nazir müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova birgə elmi ekspedisiyanın işində ali məktəblərin müəllimləri və tələbələrinin iştirakının faydalı olduğunu qeyd edib, təkliflərini diqqətə çatdırıblar.

Joao Marreiros Avropa ölkələrində Azıx mağarasına bənzər qədim tarixə, böyük əraziyə və çoxqatlı mədəni təbəqəyə malik insan düşərgəsinə rast gəlinmədiyini bildirib, aparılan tədqiqatların dünya elmi üçün də əhəmiyyətli olduğunu ifadə edib.

2023-cü ildən fəaliyyət göstərən Azıx beynəlxalq arxeoloji ekspedisiyasının işinə Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Portuqaliya, ABŞ, Danimarka, Türkiyə, Böyük Britaniya, Polşa, Yunanıstan, Slovakiya, Pakistan, Fransa kimi ölkələrdən də tədqiqatçılar cəlb edilib. Eyni zamanda, Qarabağ Universiteti, Azərbaycan Dillər Universiteti, İngiltərənin Oksford Universiteti və Portuqaliyanın Alqarve Universitetinin tələbə və mütəxəssisləri də ilk gündən qazıntı işləri və tədqiqatlarda yaxından iştirak edirlər.


media-adspc

Bənzər xəbərlər