AZTV-nin sabiq sədri vəfat edib
Şair Məmməd İsmayıl vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
O, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.
Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik kəndində anadan olub. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı alıb.
1966–1973-cü illərdə “Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, 1976–1980-ci illərdə “C. Cabbarlı adına Azərbaycanfilm” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika “Gənclik Ədəbi Birliyi”nin rəhbəri, 1988–1992-ci illərdə “Gənclik-Molodost” jurnallarının baş redaktoru vəzifələrində çalışıb.
1989–1993-cü illərdə Xalq hərəkatında iştirak edib və “Demokratik Qüvvələr Birliyi”nin həmsədri kimi fəaliyyət göstərib. 1992–1993-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışıb.
1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul olub.
Şairin son bir neçə həftədə səhhətində problemlər yaranmışdı.
Allah rəhmət eləsin!