"БАБЬЕ ЛЕТО", “ARVAD YAYI”, yoxsa basdırma yayı? - İbrahim Nəbioğlu yazır...
İki gün əvvəl dağlara ilk qar düşdü; hətta Bolunun yamacları ağ örtüyə büründü. Elə bil payız qapını döyüb gəlişini elan etdi. Amma təbiətin öz ritmi var: soyuğun ardınca istinin qayıtması qədər təbii heç nə yoxdur. Budur, bu gün İstanbulda termometr 27–29 dərəcəni göstərirdi. Türk meteoroloqları və mətbuatı neçə gündür xəbər verirdi: “Pastırma yazı” gəlir…
Ruslar buna “бабье лето” deyir. Bəs bu qısa, zərif və mənalı zaman dilimini öz dilimizdə necə adlandıraq? Rusca kalka ilə “arvad yayı”? Amerikalılar kimi “hindi yayı” (Indian summer)? Bəlkə isveçlilər kimi “Müqəddəs Birgitta yayı”? Hər xalq bu hadisəni öz yaddaşına, öz əfsanəsinə bağlayıb.
Sentyabrın sonundan oktyabrın ortalarınadək, ilk soyuqlardan sonra isti antisiklonun gətirdiyi bu qəfil, bəzən günlərlə sürən istilər bizim coğrafiyada da yaşanır. Məncə, dilçilərimiz Amerikanı yenidən kəşf etməyə çalışmadan qardaş türk dilində hazır olan adı götürə bilərlər: “Basdırma yayı”. Bu dönəmdə gecə ilə gündüzün temperaturu bir-birinə yaxın olur və basdırma məhz belə havada ən yaxşı quruyur. Adın kökü də buradandır: süfrənin dadı ilə təqvimin sirri bir sözdə qovuşur.
Günəşiniz bol olsun…










