“Babək” filminə 35 milyona yaxın tamaşaçı baxıb
Azərbaycan kinosunun məşhur nümunələrindən olan “Babək” filmi həm SSRİ-də, həm də xarici ölkələrdə geniş tamaşaçı auditoriyası qazanıb.
ERAmedia xəbər verir ki, filmin rejissoru mərhum Eldar Quliyev vaxtilə ekran əsərinin ərəb ölkələrində də nümayiş olunduğu barədə danışarkən və bu ölkələrin bir neçəsinin filmi satın aldığını bildirib.
Rejissorun sözlərinə görə, tarixi şəxsiyyət Babək ərəb dünyasında birmənalı qarşılanmasa da, bu amil filmin həmin ölkələrdə nümayişinə mane olmayıb. Quliyev qeyd edib ki, “Babək” filmini alan ilk ərəb ölkəsi Suriya olub, daha sonra ekran əsəri digər ərəb dövlətlərində də tamaşaçılara təqdim edilib.
Eldar Quliyev filmin SSRİ-də qazandığı uğuru da xüsusi vurğulamışdı. Onun sözlərinə görə, bir il ərzində təxminən 34-35 milyon insan “Babək” filminə baxıb.
Rejissor bu göstəriciləri və filmin müxtəlif ölkələrdə nümayiş hüququnun əldə olunmasını yaradıcılığı baxımından böyük nailiyyət və şərəf kimi qiymətləndirmişdi. O bildirmişdi ki, ekran əsəri sonradan bir sıra başqa ölkələr tərəfindən də alınıb.
Vüsalə










