media-aze_tur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Bakı-Ankara münasibətlərində yaranmış gərginliyin aradan qaldırılması və hadisələrin gələcək istiqamətinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı bu barədə fikirlərini bölüşüb.

O bildirib ki, iki liderin telefon danışığı ilə bağlı yayılan rəsmi məlumatların eyni məzmunda olması münasibətlərin gələcəyinə dair ortaq mövqenin formalaşması baxımından mühüm məqamdır. Həm Ərdoğan, həm də Əliyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf etdiriləcəyini vurğulamaqla vahid mövqedən çıxış ediblər.

Təhlilçinin fikrincə, rəsmi məlumatda qeyd olunmasa da, liderlərin iki ölkə arasında son dövrlərdə yaranmış gərginliyi müzakirə etdiklərini ehtimal etmək olar. Telefon danışığı ilə bağlı açıqlamaların məzmunu isə ortaq mövqenin tapıldığı qənaətini yaradır.

Asif Nərimanlı telefon zəngində iki məqamın xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.

Onun sözlərinə görə, birinci məqam Bakının belə bir zəngi gözləməsi ilə bağlıdır. İki ölkə arasındakı gərginlik Türkiyədə hakimiyyət nümayəndələrinin də iştirak etdiyi Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyası fonunda yaranıb.

Təhlilçi hesab edir ki, bu şəraitdə Bakı üçün Ankaradan müxtəlif səviyyələrdə təmaslar deyil, məhz Türkiyə prezidentinin mövqeyi həlledici əhəmiyyət daşıyırdı. Çünki Azərbaycana qarşı informasiya hücumları ilk dəfə baş vermir və Bakı bu prosesə son qoyulmasını istəyir. Onun fikrincə, belə halların təkrarlanmayacağına təminat verə biləcək əsas şəxs Ərdoğandır.

Asif Nərimanlının diqqət çəkdiyi ikinci məqam isə Ərdoğanın İlham Əliyevi Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət etməsidir.

O bildirib ki, sammitdə təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçəcək. Mövcud gərginlik isə yalnız Bakı-Ankara münasibətləri üçün deyil, bütövlükdə TDT-nin daxili birliyi və gələcək strategiyası baxımından da risklər yaradır. Buna görə də münasibətlərdəki problemlərin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır.
Türkiyədə Azərbaycana qarşı informasiya hücumları dayanacaqmı?
Siyasi təhlilçi əsas sualın Türkiyədə Azərbaycana qarşı aparılan informasiya hücumlarının dayanıb-dayanmayacağı olduğunu vurğulayıb.

Onun qənaətinə görə, Ərdoğanın İlham Əliyevə zəng etməsindən sonra bu prosesin dayanması və ya ən azı səngiməsi gözləniləndir. Bununla belə, problemin tamamilə həll olunacağı ehtimalı hələlik zəif görünür.

Asif Nərimanlı bunu bir neçə amillə izah edib. Birincisi, fikir ayrılıqlarının təməl səbəblərindən biri dünyəvi dövlət modeli ilə dini-ideoloji yanaşmalar arasındakı ziddiyyətdir. Onun fikrincə, Ankaranın rəsmi dairələrində Azərbaycanla münasibətlərə məhz bu kontekstdən yanaşan qüvvələr mövcuddur.

İkinci amil isə Azərbaycana qarşı informasiya hücumlarının və təzyiq cəhdlərinin uzun müddətdir davam etməsidir. Təhlilçi hesab edir ki, son hadisələr mövcud ziddiyyətlərin üzə çıxmasına təkan verib və bu, problemin görünəndən daha dərin olduğunu göstərir.

O bildirib ki, sadalanan amillər münasibətlərdəki problemin tam həll edildiyini söyləməyi çətinləşdirir. Bundan sonrakı mərhələdə Bakı-Ankara münasibətlərinin istiqamətini daha çox Türkiyə rəhbərliyinin yanaşması müəyyənləşdirəcək.

Asif Nərimanlının sözlərinə görə, Azərbaycanın mövqeyi aydındır: ölkənin dünyəvi dövlət quruluşuna, daxili məsələlərinə və müstəqil siyasətinə müdaxilə qəbuledilməzdir.

Təhlilçi hesab edir ki, son gərginliyin ən mühüm nəticələrindən biri də Bakının bu məsələdə mövqeyini daha açıq şəkildə ortaya qoymasıdır.

Onun fikrincə, indiyədək Türkiyədən Azərbaycana yönələn hücumlar ölkə daxilində daha çox loyallıqla qarşılanır, problemlərin diplomatik və ictimai kanallar vasitəsilə həlli xətti əsas götürülürdü. Bunun başlıca səbəbi Azərbaycanın Türkiyə ilə münasibətlərdə hər zaman qardaşlıq prinsipinə üstünlük verməsi olub.

Lakin son müdaxilə cəhdləri fonunda Bakı daha sərt mövqe nümayiş etdirərək öz “qırmızı xətləri”ni müəyyənləşdirib.

Təhlilçinin yanaşmasına görə, Ərdoğanın Əliyevə zəngi münasibətlərdə gərginliyin azaldılması üçün mühüm imkan yaradır. Ancaq bu təmasın real nəticəsi yalnız diplomatik bəyanatlarla deyil, Azərbaycana qarşı informasiya hücumlarının dayanması və iki ölkə arasındakı münasibətlərdə qarşılıqlı suverenliyə hörmət prinsipinin qorunması ilə ölçüləcək.

Vural


media-adspc

Bənzər xəbərlər