media-1721296991_ca11ca25-eab8-3c62-98e5-9d5c033ed0c8_850

Azərbaycanın Kamboca və Laosla əlaqələri genişləndirmək səyləri ölkəmizin Cənub-Şərqi Asiyada iqtisadi və diplomatik mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.

ERAmedia-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Kambocanın Baş naziri və Laosun Prezidenti ilə keçirdiyi görüşləri şərh edərkən bildirib.

Deputatın fikrincə, görüşlər fərqli ölkələrlə keçirilsə də, əsas məqsəd Azərbaycanın həmin dövlətlərin təmsil olunduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasında (ASEAN) mövqelərini gücləndirməkdir.

Sahib Alıyev qeyd edib ki, təxminən 700 milyon əhalini əhatə edən, ümumi daxili məhsulunun həcmi 3,8 trilyon dolları ötən ASEAN Azərbaycanın iqtisadi əməkdaşlıq imkanları baxımından mühüm platformadır. Onun sözlərinə görə, Azərbaycan bu təşkilatda müşahidəçi statusu əldə etmək istəyir və mövcud açıqlamalar Kamboca ilə Laosun bu təşəbbüsə dəstək verdiyini göstərir. Kambocanın dəstəyi ilə Milli Məclisin artıq ASEAN-ın Parlamentlərarası Assambleyasında müşahidəçi statusu qazandığını xatırladan deputat bunun parlamentlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Onun qənaətinə görə, ASEAN çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycan üçün iqtisadi inteqrasiya layihələrində, biznes forumlarında və investisiya proqramlarında iştirak imkanlarını artıra bilər. Kamboca və Laosda aqrar emal və sənaye müəssisələrinin yaradılması da perspektivli istiqamətlərdəndir. Bununla belə, həmin ölkələrdə istehsalın təşkili Azərbaycanın ASEAN bazarına çıxış imkanlarını genişləndirə bilsə də, rüsumsuz ticarət üstünlükləri konkret ticarət sazişlərindən və mənşə qaydalarından asılıdır.

Sahib Alıyev Azərbaycanın xarici investisiya imkanlarına da diqqət çəkib. O bildirib ki, ölkənin valyuta ehtiyatlarının bir hissəsinin perspektivli xarici investisiya layihələrinə yönəldilməsi iqtisadi risklərin şaxələndirilməsinə, neft kapitalının qeyri-neft gəlirlərinə çevrilməsinə və Azərbaycanın beynəlxalq iqtisadi mövqelərinin güclənməsinə töhfə verə bilər.

Deputatın diqqətə çatdırdığı digər məqam 2026-cı ilin birinci yarısında Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına 5 milyard 360 milyon ABŞ dolları həcmində birbaşa investisiya yönəltməsi ilə bağlıdır. Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Sahib Alıyev Azərbaycanın nəqliyyat-logistika strategiyasında ASEAN istiqamətinin də əhəmiyyət daşıdığını düşünür. Onun fikrincə, ölkənin əsas nəqliyyat-logistika layihələrinin reallaşdırılmasından sonra diqqətin yeni yük mənbələrinin müəyyənləşdirilməsinə və səfərbər olunmasına yönəldilməsi Orta Dəhlizin imkanlarını genişləndirmək üçün zəmin yaradır.

Deputat hesab edir ki, Azərbaycanın logistika imkanlarının ASEAN ölkələrinin tədarük zəncirləri ilə əlaqələndirilməsi ölkəmizin Avrasiya nəqliyyat qovşağı kimi rolunu gücləndirə bilər. O, Laosun Çinlə dəmir yolu əlaqələrini və regionun Çinlə iqtisadi münasibətlərini nəzərə alaraq, bu əməkdaşlığın Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə də uzlaşa biləcəyini vurğulayıb.

Sahib Alıyevin fikrincə, Cənub-Şərqi Asiya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın diplomatik fəaliyyətinin coğrafiyasını da genişləndirir. Kamboca və Laosun keçmişdə Fransanın müstəmləkələri olması fonunda bu dövlətlərlə iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı Bakının müxtəlif regionlarda tərəfdaşlıqlar qurmaq imkanlarını nümayiş etdirir.

Deputat hesab edir ki, Azərbaycanın xarici siyasətinin yalnız Cənubi Qafqaz və Avropa ilə məhdudlaşmaması, Asiyanın digər strateji regionları ilə də əlaqələrin gücləndirilməsi ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Sahib Alıyev təhsil sahəsində əməkdaşlığın və tələbə mübadiləsinin də Azərbaycanın regiondakı mövqeləri baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin birgə bəyanatlarında Laosdan olan tələbələrin Azərbaycan universitetlərində ölkəmizin ayırdığı təqaüdlər hesabına təhsil alması məsələsi də əksini tapıb.

Deputat qeyd edib ki, Laosun dövlət rəhbərliyində vaxtilə Bakıda təhsil almış şəxslərin olması bu istiqamətdə əməkdaşlığın əlavə əhəmiyyətini göstərir. Onun fikrincə, Azərbaycan universitetlərində təhsil alan laoslu tələbələrin sayının artması ölkəmizin Cənub-Şərqi Asiyada humanitar əlaqələrinin və “yumşaq güc” imkanlarının genişlənməsinə müsbət təsir göstərə bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər