"Bakı ilə İrəvan arasında sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır" - Fərhad Məmmədov
“2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və sülhə aparan addımların ardıcıllığı razılaşdırılıb”.
ERAmedia Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu mayın 5-də “İrəvan dialoqu – 2026” beynəlxalq konfransı zamanı azərbaycanlı politoloq Fərhad Məmmədov bildirib.
“Bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması üçün şərait yaradır. Beləliklə, Cənubi Qafqaz üçün yeni imkanlar açılır və region ölkələri dəyişikliklərin əsas hərəkətverici qüvvələri kimi çıxış edir”, – F.Məmmədov qeyd edib.
O, eyni zamanda bildirib ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda danışıqlar aparır.
“Yalnız Bakı ilə İrəvanın razılığı ilə üçüncü ölkələr danışıqlar prosesinin müxtəlif istiqamətlərində iştirak edə bilər. Bu, yeni formuldur və mürəkkəb məsələlərin həllinə imkan verir, eyni zamanda xarici oyunçuların manipulyasiya imkanlarını minimuma endirir”, – deyə F.Məmmədov fikrini belə yekunlaşdırıb.









