media-whatsapp-image-2026-09-30-at-12-33-03

6 noyabr 1967-ci il. Bakı Şəhər Sovetinin binasının qarşısı.

ERAmedia-nın məlumatına görə, jurnalist Əfqan Qafarlı sosial şəbəkədə paylaşdığı yazıda həmin gün Bakıda baş verən mühüm tarixi hadisəyə – şəhərin ilk metro stansiyasının açılışına diqqət çəkib.

Həmin gün Bakı yeni nəqliyyat vasitəsi qazanır, şəhər öz ritmini və gələcəyini müəyyənləşdirən, illərlə davam edəcək “yeraltı həyat”la tanış olurdu.

Paylaşılan fotoda açılış lentini kəsən şəxs Azərbaycanın o dövrdəki rəhbəri Vəli Axundovdur.

Əfqan Qafarlı qeyd edir ki, fotonu şərh edən Vəli Axundovun qızı Nigar Axundovanın sözlərinə görə, Bakı metrosunun tikintisi atasının həyatında ən böyük layihələrdən biri olub.

“Atam bu layihəyə böyük zəhmət və enerji qoymuşdu. Buna görə də 1967-ci il noyabrın 6-da Bakı metrosunun ilk stansiyası olan “Bakı Soveti”nin açılışında olduqca xoşbəxt idi. Çünki Bakı metrosunun tikintisi onun həyatının ən böyük layihələrindən biri idi”, – deyə Nigar Axundova bildirib.

Onun sözlərinə görə, metro tikintisinə 1950-ci illərdə başlanılsa da, 1953-cü ildə mürəkkəb geoloji şərait səbəbindən işlər dayandırılıb. Yalnız 1960-cı ildə SSRİ rəhbəri Nikita Xruşşovun Bakıya səfərindən sonra Vəli Axundov tikintinin bərpasına və layihənin maliyyələşdirilməsinə nail ola bilib.

Tarixi kadrda insanların baxışları da diqqət çəkir. Onların üzündə maraq, qürur və gələcəyə inam hiss olunur. Həmin gün sovet dövrü Bakısının siması dəyişir, şəhərin inkişafı üçün yeni istiqamətlərdən birinin əsası qoyulurdu.

Nigar Axundova 1960-cı illəri Azərbaycan üçün “mülayimləşmə” və yenilənmə dövrü kimi xarakterizə edib. Onun sözlərinə görə, bu proses təkcə ədəbiyyat və incəsənətdə deyil, idarəçilik üslubunda da özünü göstərirdi.

Vəli Axundovun insanlarla münasibətdə yeni üslub formalaşdırdığını vurğulayan Nigar Axundova bildirib ki, atası ən mühüm strateji məsələlərdə belə humanizmi, xalqın və ölkənin maraqlarını ön plana çəkirdi.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər