media-17854213761888325042_1200x630

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir. Akkreditasiya Şurasının iyulun 10-da keçirilmiş iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.

Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə “uyğun deyil” olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib.

Elm və Təhsil Nazirliyindən ERAmedia-ya bildirilib ki, qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ-hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.

Akkreditasiya Şurasının qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.

Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib.

Elm və Təhsil Nazirliyinin təqdimatı əsasında İqtisadiyyat Nazirliyinin 2026-cı il 22 iyul tarixli 88 nömrəli Sərəncamı ilə “Bakı Qızlar Universiteti” MMC-nin lisenziyası dayandırılıb. Ötən müddət ərzində MMC tərəfindən dayandırılmaya əsas olan lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması barədə əlavə məlumat təqdim edilməyib.

İqtisadiyyat Nazirliyi 2026-cı il 30 iyul tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.

Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.

Elm və Təhsil Nazirliyi bir daha bildirir ki, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.

Mövcud qanunvericiliyə əsasən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyaların verilməsi, dayandırılması və ləğvi (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) aidiyyəti dövlət qurumlarının rəyi və təqdimatı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.


media-adspc

Bənzər xəbərlər