“Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır - Sahib Ələkbərov
2018-ci ilədək Azərbaycanda beynəlxalq velosiped yarışları uğurla baş tutub.
ERAmedia xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped yarışı öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Təşkilat Komitəsinin sədri pandemiya səbəbindən bir müddət yarışlara ara verdiklərini bildirib: “Artıq işğaldan azad olunmuş ərazilərdə velosiped yarışı keçirəcəyik. Bu da sevindirici haldır. Yarışımız 5 mərhələdən ibarət olacaq. İştirakçılar iyirmi bir şəhər və rayonun ərazisindən keçəcək. Bu il at ili olduğu üçün yarışın maskotu da buna uyğun seçilib. Bildiyiniz kimi, Qarabağ atları da dünyada məşhurdur. Bu da maskot seçimində kömək oldu”.
I mərhələ, 10.05.2026
Bakı-Sumqayıt
II mərhələ, 11.05.2026
Bakı-İsmayıllı
III mərhələ, 12.05.2026
Qəbələ-Mingəçevir
IV mərhələ, 13.05.2026
Gəncə-Naftalan
V mərhələ, 14.05.2026
Tərtər-Xankəndi
Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.










