media-17853057985064962587_1200x630

Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri Bakı şəhərində keçirilən “The Judicial Crafting: Executive Judicial Training Programme” (“Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı”) adlı beynəlxalq təlim proqramında iştirak ediblər.

ERAmedia-ya bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın keçirilməsi barədə razılıq ədliyyə naziri Fərid Əhmədovun cari il mayın 14–15-də Pakistana səfəri zamanı əldə edilib. Təşəbbüs iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə, eləcə də peşəkar təcrübə mübadiləsinin inkişafına xidmət edir.

Təlimdə Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Pakistan Ali Məhkəməsinin hakimləri, Beynəlxalq Mediasiya və Arbitraj Mərkəzinin vəzifəli şəxsləri, İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin baş katibi və digər ekspertlər tərəfindən təqdimatlar keçirilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Proqramda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri daxil olmaqla 20-dən çox nümayəndə iştirak edib.

Qeyd edək ki, əməkdaşlıq proqramı çərçivəsində növbəti beynəlxalq təlimin cari ilin oktyabr ayında Pakistanda keçirilməsi planlaşdırılır.

Təlim proqramı iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.


media-adspc

Bənzər xəbərlər