Bakıda binanın damında qanunsuz tikinti aparılır? - VİDEO
Şəhərin mərkəzində yerləşən 12 mərtəbəli binanın mansard hissəsində qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.
ERAmedia “Xəzər” TV-yə istinadən xəbər verir ki, bu şikayətlə Aşıq Molla Cümə küçəsi, giriş 3, M12, M2 ünvanında yerləşən “Monolit MTK”ya məxsus yaşayış binasının sakinlərindən biri müraciət edib.
Şikayətçinin vəkili Elməddin Məhərrəmov iddiasında bildirib ki, “Monolit” MTK ərazidə yerləşən dörd binanın sakinlərə məxsus olan çardaq və texniki sahəsini qanunsuz olaraq maklerlərdən birinə yeni mənzil inşası üçün satıb. İddialara görə, sakinlərin ümumi istifadəsində olan, yaşayış üçün ayrılmayan texniki sahədə qanunsuz tikinti işləri beş aydan çoxdur ki, davam etdirilir.
Şikayətçi onu da iddia edir ki, qeyri-yaşayış sahəsində tikilən mənzillər üçün yaxınlıqda yerləşən binalardan qanunsuz qaz xətti çəkilib, eləcə də su, kanalizasiya, elektrik xətləri də aşağı mərtəbələrdə yaşayan qonşuların xəttinə birləşdirilib. Şikayətçinin sözlərinə görə, dörd binada aparılan qanunsuz tikinti işləri barədə aidiyyəti qurumlara müraciət edildikdən sonra üç binada tikinti dayandırılıb, bir binada isə tikinti işləri hələ də davam etdirilir.
İddialarda adı çəkilən “Monolit” MTK-nın əməkdaşı iddialara aydınlıq gətirərək, aparılan işlərin tam qanuni, layihəyə uyğun və razılaşdırılmış olduğunu bildirdi. Tikintinin müvafiq qurumlarla razılaşdırılmış olduğuna dair müvafiq sənədləri isə təqdim etməyəcəkləri bildirildi.
Şirkət mansard hissədə heç bir əlavə tikintinin aparılmadığını bildirsə də, 12-ci mərtəbədə tikinti işlərinin həyata keçirildiyi müşahidə olunub. Hətta sosial şəbəkələrdə sözügedən binaya məxsus mansard tipli mənzillərin satışı üçün elanlar da həyata keçirilir.
Mansardın sahibi olduğunu iddia edən şəxs İlkin Rəhimov isə bildirib ki, aparılan tikinti işləri rəsmi qurumlarla razılaşdırılıb və mənzillərə bütün kommunal sayğaclar da qoyulub.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “Monolit” MTK tərəfindən inşa edilmiş 2 ədəd 12 mərtəbəli yaşayış binasının çardaq və texniki sahəsində əlavə pəncərə oyuqlarının açılması, əlavə mənzillərin tikilməsi barədə sakinlərdən daxil olmuş sikayətlər araşdırılıb. Binaların dam hissəsinə baxış keçirilib və qanunsuz, layihədən kənar aparılan tikinti işləri barədə MTK rəhbərliyinə və aidiyyəti qurumlara məktub ünvanlanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, məsələ ilə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.










