Bakıda keçirilən “Türk Dünyası Həftəsi” dərin siyasi, elmi və mənəvi məna daşıyır - ŞƏRH
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda I Türkoloji Qurultayın 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi Azərbaycanın son illərdə türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin, dövlətimizin başçısının türk birliyinə verdiyi xüsusi önəmin və ölkəmizin ümumtürk məkanında artan siyasi və geosiyasi nüfuzunun növbəti parlaq təzahürüdür.
ERAmedia xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.
Deputat xatırladıb ki, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay mühüm elmi-ictimai hadisə idi. Onun sözlərinə görə, türk xalqlarının görkəmli alimlərini, dilçilərini, tarixçilərini, ədəbiyyatşünaslarını və ziyalılarını bir araya gətirən bu möhtəşəm elmi forum türk xalqlarının ortaq tarixi, dili, əlifbası və mədəni irsinin sistemli şəkildə öyrənilməsi istiqamətində yeni mərhələnin əsasını qoymuşdu.
“Həmin dövrdə Bakı yalnız coğrafi məkan deyil, eyni zamanda, türk düşüncəsinin, elmi təfəkkürünün və mədəni intibahının əsas mərkəzlərindən birinə çevrilmişdi. Bir əsr sonra məhz Azərbaycanın təşəbbüsü ilə I Türkoloji Qurultayın 100 illiyinin yenidən Bakıda qeyd olunması da dərin siyasi, elmi və mənəvi məna daşıyır”.
O qeyd edib ki, Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişafı hər zaman prioritet istiqamətlərdən biri olub. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət keyfiyyətcə yeni mərhələyə yüksəlib: “Dövlət başçısının həyata keçirdiyi uzaqgörən, məqsədyönlü və prinsipial siyasət nəticəsində türk dövlətləri arasında əməkdaşlıq təkcə siyasi dialoq müstəvisində deyil, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, humanitar və mədəni sahələrdə də sistemli və strateji xarakter alıb. Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikri artıq müasir Azərbaycan dövlətinin xarici siyasət fəlsəfəsinin əsas konseptual istiqamətlərindən birinə çevrilib. Bu siyasi baxış Azərbaycanın türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi, ortaq maraqların müdafiəsi və vahid strateji baxışın formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin ideoloji əsasını təşkil edir.
Son illərdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması, təşkilat daxilində institusional əməkdaşlığın dərinləşməsi, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və türk dövlətləri arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi məhz Prezident İlham Əliyevin təşəbbüslərinin və Azərbaycanın fəal diplomatik fəaliyyətinin mühüm nəticələrindən biridir. Bu baxımdan, I Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi təşəbbüsü də Prezident İlham Əliyevin Türk dünyasının gələcəyinə hesablanmış strateji baxışının mühüm tərkib hissəsidir”.
Səbinə Salmanova vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyasının siyasi, iqtisadi, mədəni və humanitar inteqrasiyasının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib.
“Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycanın regional və beynəlxalq nüfuzu daha da artıb, ölkəmiz türk dövlətləri arasında əməkdaşlığın yeni inkişaf mərhələsinin təşəbbüskarı və aparıcı iştirakçısı kimi çıxış etməyə başlayıb. Məhz buna görə də I Türkoloji Qurultayın 100 illiyinin Azərbaycanda keçirilməsi təkcə tarixi yaddaşa ehtiramın ifadəsi deyil, həm də Türk dünyasının gələcəyinə hesablanmış mühüm strateji siyasi qərardır”, – deyə deputat qeyd edib.










