Bakıda "Ortaq mədəniyyət, ortaq miras" tədbiri keçirildi - FOTOLAR
Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzi (EDAM) Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Bakıda “Ortaq mədəniyyət, ortaq miras” mövzusunda tədbir təşkil edib.
ERAmedia xəbər verir ki, EDAM Türkiyənin xaricdəki təmsil gücünü və regional dinamikləri yerində təhlil etmək məqsədilə sahə araşdırma proqramına start verib. Bu çərçivədə, EDAM İdarə Heyətinin sədri Ergün Enginin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı türk qurum və təşkilatlarını ziyarət edərək texniki araşdırmalar aparmaq üçün Bakıya gəlib.
Səfər çərçivəsində Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutunda “Ortaq mədəniyyət, ortaq miras” adlı tədbir keçirilib.
Tədbirdə EDAM Ergün Enginlə yanaşı, Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan, EDAM koordinatorları, akademik heyət və tələbələr iştirak ediblər.
Ergün Engin çıxışı zamanı bildirib ki, Azərbaycan səfəri çərçivəsində regional geosiyasi proseslər, ekopolitik balans və mədəni diplomatiya fəaliyyəti üzrə yerində müzakirələr aparmaq və sahə məlumatları toplamaq əsas hədəflərdəndir.
O qeyd edib ki, Türkiyənin “yumşaq güc” elementlərinin fəaliyyət mexanizmi təhlil ediləcək və əldə olunan sahə təcrübələri akademik müstəvidə strateji tədqiqatlara yönləndiriləcək.
Tədbirdə Qaziantep Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent Sadık Çetin “Ortaq mədəniyyət və ortaq miras çərçivəsində arxivçiliyin yeri və əhəmiyyəti” mövzusunda çıxış edib.
Azərbaycan Dillər Universitetinin Türk dünyası araşdırmaları mərkəzinin rəhbəri Cəlal İbrahimli isə çıxışında milli şüur və milli dəyərlərin əhəmiyyətinə toxunub.
Bundan əlavə, EDAM koordinatorları tərəfindən müxtəlif mövzularda təqdimatlar keçirilib.
Vüsalə









